Oktyabrın 7-dən bəri Qəzza zolağında BMT-nin 79 əməkdaşı həlak olub

BMT-nin 79 əməkdaşı Qəzza zolağında müharibənin qurbanı olub. Oktyabrın 7-dən bəri ən azı 24 yaralı var...

Poliqon xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) məlumatında bildirilir. Son 48 saat ərzində Agentliyin 5 əməkdaşı həlak olub.

BMT Agentliyi həmçinin Qəzzada kommunikasiyanın olmadığını bildirib.

“UNRWA komanda üzvlərimizin böyük əksəriyyəti ilə əlaqə saxlaya bilmir”, deyə Agentliyin X sosial mediada paylaşdığı məlumatda qeyd edilir. Son on gündə BMT əməkdaşları arasında üçüncü dəfə əlaqə kəsilib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Müharibə Fələstin HƏMAS hərəkatının 1,4 min israillinin ölümü və 5,4 min insanın yaralanması ilə nəticələnən hücumu ilə başladı. İsrail cavab hərbi əməliyyatı həyata keçirir. Artıq 9,5 minə yaxın fələstinli həlak olub. Onların əksəriyyəti qadın və uşaqlardır. 24,2 min nəfər xəsarət alıb. 6 mindən çox evə ziyan dəyib, Qəzza zolağının 1,5 milyon sakini evlərini tərk etmək məcburiyyətində qalıb.

Poliqon.info