Elmira Axundovanın zarafatı Oqtay Əsədova xoş gəlmədi

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədovla deputatlar arasında maraqlı olay yaşanıb
Lent.az-ın məlumatına görə, Azərbaycanın bir neçə ölkə ilə bağladığı sazişlərin təsdiqi məsələlərini elan edən deputat Azər Kərimliyə spiker bir neçə dəfə irad tutub. O. Əsədovun iradı onsuz da mətni əvvəldən məlum olan sazişlər barədə deputatın uzun- uzadı danışmasına olub. Spikerin bir neçə dəfə xəbərdarlığına baxmayaraq, deputat hər sazişin təqdimatında yenə geniş çıxış edib.Növbəti dəfə O. Əsədovun ciddi etirazından sonra deputat saziş barədə cəmi bir cümlə təqdimat edib. Bunu görən spiker deputata istehza ilə deyib: “Ay sağ ol.. Axır ki, haqqın yoluna gəldin”.Bu zaman deputat Elmira Axundova yerdən spikerə deputatları tələsdirdiyi üçün irad tutub. Ona cavab olaraq O. Əsədov mətnin əvvəldən məlum olduğunu, kim istəmirsə, səs vermədiyini xatırladıb. E. Axundovanın gülərək “yaxşı, zarafat edirdim”- deyə cavab verməsi spikerə lap təəccüblü görsənib: “Axı zarafatın öz yeri var...”. Daha sonra gündəliyin səsverməsinə keçilib.