Amerika rəsmilərinin İsrailə səfəri məhdudlaşdırılıb

Pentaqon Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda yüksək səviyyəli rəsmilərinin İsrailə səfərlərini məhdudlaşdırıb...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi məlumat yayıb. Pentaqon rəhbərinin məktubunda deyilir ki, Müdafiə Nazirliyinin yüksək rütbəli rəhbərlərinin İsrailə səfərlərini dərhal və növbəti xəbərdarlığa qədər məhdudlaşdırılır.

Nəşr qeyd edir ki, indi məmurlar İsrailə getmək üçün xüsusi icazə almalıdırlar. Həmçinin Konqres üzvlərinə Pentaqonun dəstəyini tələb edə biləcək İsrailə səfər etməmək tövsiyə edilib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanır və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib və İsrailin Milli Təhlükəsizlik Şurası bu zolağa su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmağa qərar verib.

Poliqon.info