“El Nino” güclü yağışlara və aclığa səbəb olacaq: 110 milyon insan risk altındadır

Alimlər onilliklərdir ki, qlobal istiləşmə səbəbindən Yer kürəsini vuracaq iqlim böhranı barədə xəbərdarlıq edirlər...

İndi elm adamları planetimizin həqiqətən qlobal istiləşmə dövründən qlobal qaynama dövrünə keçdiyini bildirdilər. Nəticədə, 2023-cü il tarixin ən isti ili ola bilər, lakin bu, hətta son deyil...

Poliqon xəbər verir ki, bu barədə “SciTechDaily” nəşri yazır.

Əvvəllər elm adamları artıq “El Nino”nun Sakit Okeanda özünü büruzə verdiyini, alimlərin güman etdiyi kimi, bu ilin sonu və ya gələn ilin əvvəlində pik həddinə çatacağını bəyan etmişdilər. Bu fenomenin planetdə yağıntı sxemini pozduğu bilinir və elm adamları indi qida istehsalı üçün qeyri-müəyyən nəticələrin olacağına inanırlar.

Aclığa Erkən Xəbərdarlıq Sistemləri Şəbəkəsinin (FEWS NET) alimləri proqnozlaşdırırlar ki, bəzi bölgələrdə çoxlu, digərlərində isə çox az yağan yağış məhsuldarlığa təsir göstərəcək. Alimlərin hesablamalarına görə, dünyada təxminən 110 milyon insan ərzaq qıtlığınan məhkum olacaq.

Qeyd edək ki, “El Nino” Sakit okeanın mərkəzi və şərq tropiklərində səthin daha yüksək temperaturu ilə xarakterizə olunan təbii iqlim hadisəsidir. Elm adamları əvvəllər güclü “El Nino”nun bütün dünyada hava və yağıntılara birbaşa təsir etdiyini müəyyən etmişdilər.

Alimlərin son proqnozları bu fenomenin 2023-cü ilin sonuna qədər sürət qazanacağını, sonra isə 2024-cü ilin ortalarına qədər yox olacağını göstərir. “El Nino”nun Yer kürəsinin bəzi bölgələrində yüksək səviyyədə ərzaq qıtlığı yaradacağı gözlənilir.

Yeni araşdırmada elm adamları “El Nino”nun əsas kommersiya bitkilərinə, o cümlədən qarğıdalı, düyü, soya və sorqoya təsirinin xəritəsini yaradıblar.

Xəritəni yaratmaq üçün alimlər 1961-ci ildən 2020-ci ilə qədər olan tarixi məhsuldarlığın və iqlim məlumatlarının təhlilindən istifadə ediblər. FEWS NET elm qrupunun alim köməkçisi Ueston Andersona görə, “El Nino” dünyanın əkin sahələrinin ən azı dörddə birində məhsuldarlığa təsir göstərəcək. Eyni zamanda alimlər qeyd edirlər ki, bu hadisənin bu il ərzaq böhranına dəqiq necə təsir edəcəyi ilə bağlı qeyri-müəyyənlik var.

Tədqiqatın müəllifləri hesab edirlər ki, hazırkı “El Nino” fenomeni quraqlıq səbəbindən Afrikanın cənubunda və Mərkəzi Amerikada qarğıdalı məhsuldarlığının aşağı düşməsinə səbəb olacaq. Avstraliyada buğda məhsuldarlığının azalacağı, düyü məhsuldarlığının azalmasının isə Cənub-Şərqi Asiyaya təsir edəcəyi gözlənilir. Eyni zamanda, soya məhsuldarlığı da arta bilər.

Tədqiqat zamanı elm adamları, həmçinin “El Nino”nun güclənməsi nəticəsində Yer kürəsində qida böhranının necə inkişaf edəcəyini təhlil ediblər və belə nəticəyə gəliblər ki, dünyada təxminən 110 milyon insan əsas qidaya çıxışı olmayan vəziyyətdə qala bilər.

Poliqon.info