Ekspert: İstər ali məktəblərə qəbulda, istərsə də müəllimlərin işə qəbulunda problemlər var...

Son 2–3 ildə müəllimlərin işə qəbulu prosedurunda tez-tez dəyişdirilən qaydalar, nəzərəçarpan çatışmazlıqlar, gizli oyunlar və haqsızlıqlar təbii olaraq müəllim namizədləri arasında etirazlara səbəb olur...

Təhsil eksperti: “Müəllimlərin bilik və bacarıqları hansısa formada yoxlanılmalı idi. Çünki imtahana qədər birbaşa təyinat vasitəsilə qəbul həyata keçiriləndə məlum oldu ki, işə qəbulu prosesində neqativ hallar var. Hətta, diplomu olmayan, saxta diplomlu şəxslər belə müəllim kimi işə qəbul edilirdi”.

“Hal-hazırda proses şəffafdır, amma biz keyfiyyətli olmasından danışa bilmərik. Çünki yaxşı müəllimi adi test imtahanı ilə seçə bilmərik”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov müəllimlərin işə qəbul prosesini Poliqon-a şərh edərkən qeyd edib.

Artıq neçə ildir ki, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş şəkildə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilir. İlk illərdə qəbul prosedurunun sadəliyi imkansız vətəndaşların müəllim olmaq arzusunun gerçəkləşdirilməsi baxımından təqdir olunurdu. Lakin sonrakı illərdə, xüsusilə son 2–3 ildə müəllimlərin işə qəbulu prosedurunda tez-tez dəyişdirilən qaydalar, nəzərəçarpan çatışmazlıqlar, gizli oyunlar və haqsızlıqlar təbii olaraq müəllim namizədləri arasında etirazlara səbəb olur. Son zamanlar bu barədə redaksiyamıza da şikayətlər artıb.

Hazırda müəllimlərin işə qəbul prosedurunu necə dəyərləndirmək olar və bu proseduru ədalətli hesab etmək olar?

Müəllimlərin işə qəbul prosedurundakı çatışmamazlıqları Poliqon-un əməkdaşı təhsil eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “İmtahanların modelinin dəyişməsi hər dəfə insanlarda əlavə problemlər yaradır”.

İmtahanlarla bağlı vahid standartların qəbul edilməsini təklif edən ekspert Poliqon-a bildirib ki, bu müəllimlərin və müəllim olmaq istəyənlərin daha rahat və yaxşı hazırlanmasına imkan verəcək:

“İlk növbədə qeyd edim ki, dövlət ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu 2009-cu ildən həyata keçirilir. 2009-cu ildə Bakı şəhərində ilk dəfə 260 nəfərə yaxın müəllim işə qəbul edildi. 2011-ci ildən isə müəllimlərin işə qəbulu imtahanı bütün ölkə ərazisində keçirilməyə başladı.

Əvvələr imtahan iştirakçılarından yalnız ixtisas bilikləri yoxlanılırdı. Daha sonra əlavə olaraq məntiq fənnindən imtahanlar salındı, fənn kurikulumlarından test tapşırıqları tərtib olundu. Bu gün imtahan iştirakçılarına fənn kurikulumundan və ixtisasdan imtahan salınır. Əslində bu imtahanlar sadəcə seçim üçündür. Yəni, bu o demək deyil ki, imtahanda yüksək bal toplayanlar tam olaraq dövlətin istədiyi bilik və bacarıqlarına malik olan müəllimlərdirlər. Amma müəllimlərin bilik və bacarıqları hansısa formada yoxlanılmalı idi. Çünki imtahana qədər birbaşa təyinat vasitəsilə qəbul həyata keçiriləndə məlum oldu ki, işə qəbulu prosesində neqativ hallar var. Hətta, diplomu olmayan, saxta diplomlu şəxslər belə müəllim kimi işə qəbul edilirdi.

Buna görə də, prosesdə şəffaflığın və əlçatanlığın təmin olunması üçün test imtahanları vasitəsilə proses təşkil edilməyə başladı. Hal-hazırda proses şəffafdır, amma biz keyfiyyətli olmasından danışa bilmərik. Çünki yaxşı müəllimi adi test imtahanı ilə seçə bilmərik. Müəllimlərdən digər bacarıqlar da tələb olunur. Bu bacarıqlar arasında onun psixoloji durumu, problemli situasiyanı idarə etməsi və digər standartlardır ki, çox təəsüflər olsun, bizim müəllimlərimiz bu istiqamətdə problem yaşayırlar. Yəni, biz hətta test imtahanı vasitəsilə belə görürük ki, bizim ali təhsilli, diplomlu mütəxəssislərimiz zəifdirlər. Hətta, imtahanda iştirak edənlər arasında müsabiqə şərtlərini ödəyənlər çox az olur. Xatırladım ki, keçən il imtahanlarda 62 min nəfər iştirak etmişdi və onlardan 28 minə qədəri minimum keçid balını toplamışdı.

Kamran Əsədov: “Mütəmadi olaraq imtahan modelinin dəyişməsi tövsiyə olunmur”.

Təbii ki, imtahanların modelinin dəyişməsi hər dəfə insanlarda əlavə problemlər yaradır. Hal-hazırda yalnız ixtisas və kurikulumdan suallar var. Bu da təbii ki, müəyyən problemlər yaradır. Çünki kurikuluma aid vahid dərs kitablarının olmaması, həmçinin müxtəlif məzmunlu sualların salınması bəzən əlavə çətinliklər yaradır. Buna görə də, mütəmadi olaraq imtahan modelinin dəyişməsi tövsiyə olunmur. Məsələn, Fransada 1805-ci ildən bəri eyni imtahan qaydası tətbiq olunub. Dünyanın digər ölkələrində də, mütəmadi olaraq eyni imtahan modelindən istifadə olunur. Beləliklə də, insanlar necə və nədən hazırlaşmaq lazım olduğunu bilirlər.

Azərbaycanda isə istər ali məktəblərə qəbulda, istərsə də müəllimlərin işə qəbulunda problemlər var. Bu da tez-tez qaydaların dəyişməsi ilə bağlıdır. Hətta, bəzən insanlar sənəd qəbulunun necə olduğunu, prosesin necə təşkil olunduğunu unudurlar. Yaxşı olardı ki, imtahanlarla bağlı vahid standartlar qəbul edilsin. Bu müəllimlərin və müəllim olmaq istəyənlərin daha rahat və yaxşı hazırlanmasına imkan verəcək”.

Nərminə UMUDLU Poliqon.info