Polşanın yeni hökuməti Almaniyadan təzminat almaqdan imtina edə bilər

Polşanın yeni hökuməti Almaniyadan II Dünya müharibəsi zamanı vurulan ziyana görə təzminat tələb etməkdən imtina edə bilər...

Poliqon Polşanın RMF radiosuna istinadən xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik bildirib.

"Qorxuram ki, müxalifətin baş nazirliyə namizədi Donald Tusk təzminat mövzusunu qapadacaq, sağ qalanlar üçün bəzi kiçik məbləğlər müqabilində bunu əbədi olaraq bağlayacaq", deyə Mularçik bildirib.

O qeyd edib ki, bunlar təzminat deyil, yaşayanların kiçik bir qrupu üçün bir növ kompensasiya olacaq.

Onun sözlərinə görə, Tusk bu istiqamətdə gedə bilər, lakin müharibə zamanı vurduğu ziyana görə Varşavanın Berlindən təzminat tələb etmək hüququna malik olduğunu göstərən faktlar var.

Oktyabrın 15-də Polşada Seymə seçkilər keçirilib. Hakim Qanun və Ədalət Partiyası (PiS) qalib gəlib. O, 35,4% səs toplayıb, lakin parlamentdə çoxluğunu itirib və 460 yerdən yalnız 194-nə sahib çıxıb. Eyni zamanda, müxalifət partiyaları - Vətəndaş Koalisiyası (VK), Üçüncü Yol və Sol - ümumilikdə səslərin təxminən 54%-ni qazanaraq 248 yer tutub. Millətçi və Avroskeptik Konfederasiya partiyası Seymdə 18 mandat əldə edib, lakin onlar digər fraksiyalarla koalisiyaya qoşulmaq istəmir.

Nəticələr elan edildikdən sonra Polşa prezidenti hökuməti formalaşdıracaq baş naziri seçməlidir. Daha sonra parlament çoxluğu yeni tərkibi təsdiq etməlidir.

Poliqon.info