Ukraynanın Baş Komandanı: Müharibə uzana və dövləti sıradan çıxara bilər

Münaqişə uzanır və bu, ölkə üçün böyük risklər daşıyır...

Poliqon xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı Britaniyanın The Economist jurnalı üçün yazdığı məqalədə qeyd edib.

Zalujnı vurğulayır ki, Ukraynanı çıxılmaz vəziyyətə salan texnoloji inkişaf səviyyəsinin geriləməsidir.

“Birinci dünya müharibəsində bizi dalana dirəyən texnologiya səviyyəsinə çatmışıq. Xəndəklərə əsaslanan köhnə müharibə taktikasının böyük riski odur ki, illərlə davam edə və Ukrayna dövlətini sıradan çıxara bilər”, deyə Baş Komandan bildirib.

“Rusiya ən azı 150 min itki verib. İstənilən başqa ölkədə belə itkilər müharibəni dayandırardı. Ancaq həyatın ucuz olduğu və Rusiyanın on milyonlarla insan itirdiyi birinci və ikinci dünya müharibələri cənab Putinin istinad nöqtələrinin olduğu Rusiyada belə deyilr”, deyə Zalujnı əlavə edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı şübhə etmir ki, uzanan münaqişə Ukraynadan üç dəfə, iqtisadiyyatı isə on dəfə böyük olan Rusiya üçün faydalıdır. Onun sözlərinə görə, hələlik Ukrayna Silahlı Qüvvələrində kifayət qədər əsgər var, lakin döyüşlər nə qədər uzun sürsə, bir o qədər çətin olacaq.

Zalujnı həmçinin qeyd edib ki, Ukrayna qalib gəlmək üçün vaxtında barıt kimi yeni bir ixtira tapmalıdır.

“Bu baş verməsə, gec-tez biz aşkar görəcəyik ki, sadəcə olaraq, döyüşməyə kifayət qədər insanımız yoxdur”, deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vurğulayıb.

Poliqon.info