Peskov: Qazaxıstan suveren dövlətdir və Rusiyanın müttəfiqidir

Kremlin sözçüsü Dmitri Peskov Makronun Astana səfərini şərh edib...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qazaxıstan başqa ölkələrlə münasibətləri öz mülahizəsinə uyğun inkişaf etdirən suveren dövlətdir.

Poliqon xəbər verir ki, Peskov bunu Fransa prezidenti Emmanuel Makronun Astana səfərini şərh edərkən deyib.

“Qazaxıstan suveren dövlətdir və təbii ki, bütün ölkələrlə münasibətləri öz mülahizəsinə uyğun inkişaf etdirir. Qazaxıstanla bizim tarixi əlaqələrimiz, strateji tərəfdaşlığımız var. Qazaxıstan bizim müttəfiqlərimizdir və bizim maraqlarımız bir çox inteqrasiya formatlarında birləşir. Biz çox dəyər verdiyimiz öz münasibətlərimizi inkişaf etdiririk, bunun tam qarşılığını da görürük”, deyə Dmitri Peskov mətbuata danışarkən deyib.

Qeyd edək ki, Emmanuel Makron bu gün, noyabrın 1-də Qazaxıstanın paytaxtı Astanaya gəlib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fransalı həmkarının səfərini “tarixi, çox mühüm” hadisə adlandırıb. Qazaxıstan prezidenti vurğulayıb ki, Astana və Paris arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

Danışıqlar zamanı tərəflər, xüsusən, Qazaxıstan-Fransa birgə müəssisəsi olan Katko tərəfindən bu ölkədə uran yataqlarının gələcək işlənməsini müzakirə edəcəklər. Bloomberg mənbələrə istinadən yazıb ki, Fransanın urana ehtiyacı Nigerdə enerji resursunun istehsalının dayandırılması ilə bağlıdır.

Poliqon.info