Vaşinqton Türkiyə ilə bağlı çağırışa cavab verib

ABŞ Dövlət Departamenti Türkiyənin dəyərli NATO müttəfiqi olduğunu vurğulayaraq, əməkdaşlığı gücləndirmək üçün Ankara ilə işləməyə davam edəcəklərini bəyan edib...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Metyu Miller Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ın terror təşkilatı olmadığına dair açıqlamalarından sonra Türkiyənin NATO-dan çıxarılması çağırışları ilə bağlı sualı cavablandırıb. "Bu mövzuda fikir ayrılıqlarımız olsa da, deyə bilərəm ki, Türkiyə dəyərli NATO müttəfiqidir", deyə Dövlət Departamenti rəsmisi bildirib.

Müttəfiqliyi gücləndirmək üçün Ankara ilə işləməyə davam edəcəklərini deyən Metyu Miller İsveçin NATO-ya üzvlük protokolunun Türkiyə Böyük Millət Məclisinə göndərildiyini də xatırladıb.

"Biz NATO-nu gücləndirmək üçün onlarla (Türkiyə) işləməyə davam etməyi səbirsizliklə gözləyirik", deyə Metyu Miller əlavə edib.

Dövlət Departamenti rəsmis vurğulayıb ki, bu gücləndirmə səylərinə İsveçin NATO-ya qəbulunun sürətlə həyata keçirilməsi də daxildir. Sözügedən mübahisənin Türkiyə rəhbərliyi ilə yaşadıqları ilk fikir ayrılığı olmadığını vurğulayan Metyu Miller Ankaranı hələ də məhsuldar və konstruktiv NATO müttəfiqi olaraq gördüklərini bildirib.

Ərdoğanın açıqlaması ilə bağlı danışan Metyu Miller "Hesab edirəm ki, HƏMAS-ın əsl terror təşkilatı olduğunu çox açıq şəkildə qiymətləndiririk", deyib.

Qeyd edək ki, ötən həftə Florida ştatından respublikaçı senator Rik Skott Ərdoğanın HƏMAS-ın "terror təşkilatı olmadığını" bəyan etməsindən sonra NATO-nu Türkiyənin üzvlüyünü "ciddi şəkildə nəzərdən keçirməyə" çağırıb.

Poliqon.info