Milli Məclisin sədri Numan Kurtulmuşu təbrik edib

Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının milli bayramı - Respublika Gününün 100-cü ildönümü münasibətilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb...

Milli Məclisn Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Poliqon-a verilən xəbərə görə, məktubda bildirilir ki, 1923-cü il oktyabrın 29-da Qazi Mustafa Kamal Atatürkün Türkiyə Böyük Millət Məclisində çıxış edərək Türkiyə Cümhuriyyətinin yaradıldığını elan etməsi çağdaş türk tarixində yeni şanlı dövrün əsasını qoyub.

Qeyd edilib ki, xüsusən son illərdə qardaş Türkiyə siyasi, iqtisadi, texnoloji və digər sahələrdə hərtərəfli inkişaf əldə edərək, dünyada cərəyan edən proseslərdə fəal rol oynayan, qüdrətli bir ölkəyə çevrilib. “Türkiyə Yüzili” baxışının həyata keçirilməsi isə Türkiyəyə daha böyük uğurlar və qələbələr qazandıracaq. Məktubda vurğulanır ki, bu gün “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyinin nümunəvi xarakter daşıması və hazırda özünün ən yüksək zirvəsində olması bizləri olduqca sevindirir.

Məktubun sonunda əziz Türkiyə xalqına daimi əmin-amanlıq və firavanlıq diləkləri ifadə olunub.

Poliqon.info