Qapı arxasında qalan İrəvan - Ermənistan ərazisindən keçən dəhlizdən artıq bütün tərəflər imtina edib?

Rusiya Baş nazirinin müavini deyib ki, layihənin bir hissəsi kimi Zəngəzur bölgəsi hazırda Ermənistan tərəfindən konkret mövqe olmadığına görə nəzərdən keçirilmir...

Politoloq: “İran faktiki olaraq Ermənistanı qapı arxasında qoyub. Yəni Ermənistanın dünyaya çıxışı yenidən məhdud səviyyədə olacaq. Bu da İrana sərf edir. Çünki Ermənistanın xaricə çıxışı hər nə qədər məhdud olsa, bir o qədər də İrandan asılı olacaq”.

“Hesab edirəm ki, artıq Ermənistanın özü bu məsələdə maraqlı olmağa başlayıb. Çünki bu, Ermənistanın iqtisadi, nəqliyyat-kommunikasiya blokadasının davam etməsi deməkdir”.

Bu sözləri politoloq Samir Hümbətov Rusiya Baş nazirinin müavininin Zəngəzur dəhlizi barədə dediklərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistan ərazisindən yan keçməklə İrandan keçən dəmir yolunun inşası barədə layihəni şərh edərkən deyib ki, layihənin bir hissəsi kimi Zəngəzur bölgəsi hazırda Ermənistan tərəfindən konkret mövqe olmadığına görə nəzərdən keçirilmir.

Hikmət Hacıyevdən sonra Overçukun belə bir açıqlama ilə çıxış etməsi nədən xəbər verir və demək olarmı ki, Ermənistan ərazisindən keçən dəhlizdən artıq bütün tərəflər imtina edib? Bu halda Ermənistanın üzləşdiyi vəziyyəti necə dəyərləndirmək olar?

Zəngəzur dəhlizi ərtafında gedən prosesləri Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Paşinyan gördü ki, İran hər nə qədər də Ermənistanın tərəfini saxlamağa çalışırsa, ya da özünü belə göstərirsə, son nəticədə öz maraqlarını qoruyur və əslində öz maraqlarını reallaşdırmaq üçün Ermənistandan alət kimi istifadə edir”.

Əslində Ermənistan tərəfinin artıq başqa çıxış yolunun olmadığını başa düşdüyünü qeyd üdən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, əgər Zəngəzur dəhlizi açılmasa, bu Ermənistan iqtisadi baxımdan yenidən blokadada qalması demək olacaq:

“Rusiya Baş nazirinin müavini Aleksey Overçukun verdiyi açıqlamadan və eyni zamanda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin açıqlamasından belə qərara gəlmək olar ki, hal-hazırkı mövcud vəziyyətdə Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılması məsələsini gündəmə gətirmirlər. Düzdür, Paşinyan Tiflisdə keçirilən görüşdə bildirdi ki, Ermənistan Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların açılması, yəni dəmir yolunun açılmasının tərəfdarıdır.

Əslində Ermənistan tərəfi də başa düşür ki, artıq başqa çıxış yolu yoxdur. Çünki əgər Zəngəzur dəhlizi açılmasa, bu Ermənistan iqtisadi baxımdan yenidən blokadada qalması deməkdir. Eyni zamanda, Paşinyan gördü ki, İran hər nə qədər də Ermənistanın tərəfini saxlamağa çalışırsa, son nəticədə öz maraqlarını qoruyur və əslində öz maraqlarını reallaşdırmaq üçün Ermənistandan alət kimi istifadə edir. Hazırda isə İran faktiki olaraq Ermənistanı qapı arxasında qoyub. Yəni Ermənistanın dünyaya çıxışı yenidən məhdud səviyyədə olacaq. Bu da İrana sərf edir. Çünki Ermənistanın xaricə çıxışı hər nə qədər məhdud olsa, bir o qədər də İrandan asılı olacaq.

Hesab edirəm ki, artıq Ermənistanın özü bu məsələdə maraqlı olmağa başlayıb. Çünki bu, Ermənistanın iqtisadi, nəqliyyat-kommunikasiya blokadasının davam etməsi deməkdir. Hələ ki, mövcud şərait Ermənistan cəmiyyətində bununla bağlı birmənalı fikir formalaşmayıb. Amma yaxın gələcəkdə düşünürəm ki, biz onlardan bu prosesin baş verə biləcəyini görə bilərik. Yəni Ermənistanın bu məsələyə yönələ biləcəyini görə bilərik”.

Nərminə UMUDLU Poliqon.info