BMT İsraili hərbi cinayətlərdə ittiham edib

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) ofisinin sözçüsü Ravina Şamdasani İsraili Qəzza zolağına qarşı hərbi cinayətlərdə ittiham edib...

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti Agentliyinin məlumatında bildirilir.

"Qəzza əhalisinin kollektiv şəkildə cəzalandırılması, əsas mallardan, elektrik enerjisindən, sudan məhrum edilməsi və sıx məskunlaşan ərazilərin bombalanması beynəlxalq humanitar hüquqa görə müharibə cinayətləridir", deyə BMT rəsmisi bildirib.

Oktyabrın 26-da 9 ərəb dövlətinin xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasından İsraili Qəzza zolağında dərhal atəşkəs elan etməyə məcbur etməyi tələb ediblər.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı "Dəmir Qılınclar" adlanır və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib və Milli Təhlükəsizlik Şurası bu zolağa su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmağa qərar verib.

Poliqon.info