Məhkəmə ABŞ-ın İrana təzminat ödəməsi barədə qərar çıxarıb

Tehran məhkəməsi ABŞ-ın İrana təzminat ödəməsi barədə qərar çıxarıb...

APA xəbər verir ki, Tehran məhkəməsi ABŞ-ı 1980-ci ildə girovluqda olan səfirlik əməkdaşlarını azad etmək məqsədi ilə keçirilmiş uğursuz “Qartal pəncəsi” əməliyyatından sağ çıxan 14 iranlıya təzminat ödəməyə məhkum edib.

Məhkəmənin qərarına görə, ABŞ hökuməti Tabas səhrasında “törətdiyi cinayətlərə” görə 420 milyon dollar ödəməyə məhkum edilib.

Qeyd edək ki, “Qartal pəncəsi” əməliyyatı 24 aprel 1980-ci ildə ABŞ Silahlı Qüvvələrinin Tehranda girovluqda olan 52 səfirlik əməkdaşını xilas etmək məqsədilə həyata keçirilib. 1980-ci il aprelin 25-də girovları xilas etmək cəhdi Tabas çölündə vertolyot və nəqliyyat təyyarəsi toqquşduğundan baş tutmur və ABŞ-ın 8 hərbçisi həlak olur. Bir sözlə, əməliyyat uğursuzluğa düçar olur. 1980-ci il iyulun 11-də girovlardan biri səhhətinə görə azad edilir. 1981-ci il yanvarın 19-da ABŞ və İran girovların azad edilməsi üçün saziş imzalayır və 1981-ci il yanvarın 20-də girovluqda qalan 52 nəfərin Almaniyaya getməsinə icazə verilir.

Xatırladaq ki, 1979-cu il noyabrın 4-də bir qrup iranlı tələbə Vaşinqtonun Tehrandakı səfirliyinin 66-sı ABŞ vətəndaşı olmaqla 99 əməkdaşını girov götürüblər. Onlar ABŞ-dan Məhəmmədrza şah Pəhləvinin ekstradisiyasını tələb ediblər.

Poliqon.info