Ravvin Yaxın Şərqdə Rusiyanın təcrübəsindən istifadə etməyə çağırıb

Rusiyanın baş ravvini Putini müdrikliyinə görə tərifləyib və Yaxın Şərqdə Rusiyanın təcrübəsindən istifadə etməyə çağırıb...

Poliqon xəbər verir ki, çərşənbə günü Vladimir Putinlə əsas dinlərin nümayəndələri arasında keçirilən görüşdə Rusiyanın baş ravvini Berel Lazar dövlət başçısını “müdrik prezident” adlandırıb və Rusiya təcrübəsinin Yaxın Şərqdə “yaxşı nümunə” olacağına ümid etdiyini bildirib.

Lazar bəyanatını Moskvanın ərəb-İsrail münaqişəsinin həllinə əsas oyunçulardan biri kimi qoşulmağa çalışdığı bir vaxtda verib.

Sitat: “Biz burada Rusiyada olanı nümunə götürə bilərik. Rusiyada Xristianlar, müsəlmanlar, yəhudilər, buddistlər, bütün dinlər, bütün xalqlar arasında sülh var. Əslində bu, bütün dünya üçün bir nümunədir. Biz niyə burada dost ola bilərik, həqiqətən bir-birimizə kömək edə bilərik, birlikdə sevinə bilərik, amma dünyanın başqa yerlərində bu mümkün deyil. Cavab sadədir. Burada bizim müdrik prezidentimiz var”, deyə Berl Lazar bildirib.

Lazar çıxışında qeyd edib ki, Rusiyada, Allaha şükür, terrorçularla da çox sərt davranırlar və ümid edib ki, Rusiya təcrübəsi Yaxın Şərqdə və oxşar problemlərlə üzləşən digər regionlarda yaxşı nümunə olacaq:

“Rusiyada, Allaha şükür, terrorçularla da çox sərt davranırlar. Və nəticə göz qabağındadır. Ona görə də mən həqiqətən ümid edirəm ki, Rusiya təcrübəsi Yaxın Şərqdə və təəssüf ki, oxşar problemlərlə üzləşən digər regionlarda yaxşı nümunə olacaq. Buna görə bir daha çox sağ olun. Və Allah sizə... problemi həqiqətən həll etmək üçün güc versin və beləliklə, Yaxın Şərqdə və Allahın köməyi ilə bütün dünyada sülh olsun”, deyə ravvin çıxışını yekunlaşdırıb.

“Bizim fundamental dəyərlərimizə diqqət yetirdiyiniz üçün sizə də təşəkkür edirəm”, deyə Putin cavabında bildirib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan sonra Rusiya Fələstin tərəfdarı mövqe tutub və Putin artan münaqişənin əsas oyunçularını, o cümlədən İran, Fələstin, Misir prezidentləri və İsrailin Baş nazirini sülhə çağıraraq problemin həllinin iki dövlət prinsipi ilə mümkün olduğunu bildirib.

Poliqon.info