Fələstin-İsrail münaqişəsində III Dünya müharibəsinin işartıları görünür?

Bu müharibəyə bəzi digər ölkələrin qarışmasıilə bağlı iddialar səsləndirilir...

Politoloq: “Həm Fələstin-İsrail, həm Rusiya-Ukrayna müharibəsi, həm də gərgin vəziyyətdə olan Çin-Tayvan münasibətləri də onu söyləməyə əsas verir ki, dünyada III Dünya müharibəsinin xırda-xırda komponentləri artıq görünür”.

“İsrail quru əməliyyatları ilə onsuz da, həssas, gərgin vəziyyətdə olan dünya geopolitik və hərbi coğrafiyasında bir dəyişikliyə start verəcəyini də anlayır”.

Bu sözləri politoloq Tural İsmayılov İsrail və Fələstin arasında başlayan müharibənin miqyasının böyüyəcəyi iddialarını Poliqon-a şərh edərkən qeyd edib.

İsrail və Fələstin arasında başlayan müharibə davam edir. İsrail hərbçiləri özləri də etiraf edirlər ki, Qəzada quru əməliyyat aylarla çəkə bilər. Bu müharibəyə bəzi digər ölkələrin qarışması və müharibənin miqyasının böyüməsi ilə bağlı iddialar da səsləndirilir.

Bu mümkün ola bilər? Yəni, III Dünya müharibəsinin işartıları görünür?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “İsrailin quru əməliyyatlarının başlanması III Dünya müharibəsinin tamamilə rəsmi startına səbəb ola bilər”.

III Dünya müharibəsinin qarşısını almaq üçün münaqişə ocaqlarının birdəfəlik həll edilməli olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, nə yaxın prespektivdə, nə də uzaq gələcəkdə dünyanın simasını dəyişdirəcək problemlərin elə də tezliklə həll olunacağı görünmür:

“Əlbəttə ki, Fələstin-İsrail münaqişəndə çox dərin tarixi səbəblər və köklər var. Buna görə bu müharibədə indiki məqamda hansısa geri dönüşləri güman etmək absurd olar. Amma bütövlükdə nəzərə almaq lazımdır ki, bu gün İsrail qarşısına HƏMAS-ın tam olaraq təmizlənməsini hədəf qoyub. Təkcə hava əməliyyatları ilə bu məsələnin həll edilməsi mümkün görünmür. Çünki beynəlxalq müşahidəçilərin də bildirdiyi bir reallıq var ki, Qəzza şəhərində şəhərin altında ayrıca bir bunker şəhəri mövcuddur. Yayılan məlumatlarda HƏMAS yaraqlılarının böyük əksəriyyətinin də məhz bu buker şəhərçikklərdə olduğu söylənilir.

Buna görə də, İsrail israrlı şəkildə quru əməliyyatlarından daha çox qərarlı olduğunu göstərir. Amma əlbəttə, İsrail başa düşür ki, quru əməliyyatları xeyli sayda ordu hərbçilərinin ölümünə səbəb ola bilər. Eyni zamanda HƏMAS-ı qızışdıran Livan Hizbullahı, İran və xarici qüvvələrin də bu məsələdə əraziyə gəlməyinə və nəticədə daha böyük qarşıdurmaya səbəb ola bilər.

Tural İsmayılov: “İsrail israrlı şəkildə quru əməliyyatlarından daha çox qərarlı olduğunu göstərir”.

Həmçinin İsrail quru əməliyyatları ilə onsuz da, həssas, gərgin vəziyyətdə olan dünya geopolitik və hərbi coğrafiyasında bir dəyişikliyə start verəcəyini də anlayır. Buna görə İsrailin quru əməliyyatlarının başlanması III Dünya müharibəsinin tamamilə rəsmi startına səbəb ola bilər. Eyni zamanda həm Fələstin-İsrail, həm Rusiya-Ukrayna müharibəsi, həm də gərgin vəziyyətdə olan Çin-Tayvan münasibətləri də onu söyləməyə əsas verir ki, dünyada III Dünya müharibəsinin xırda-xırda komponentləri artıq görünür.

Hesab edirəm ki, III Dünya müharibəsinin qarşısını almaq üçün münaqişə ocaqları birdəfəlik həll edilməlidir. Amma nə yaxın prespektivdə, nə də uzaq gələcəkdə dünyanın simasını dəyişdirəcək problemlərin elə də tezliklə həll olunmayacağı görünür”.

Nərminə UMUDLU Poliqon.info