Hakan Fidan: İsrail və HƏMAS arasındakı münaqişə dünya müharibəsinə səbəb ola bilər...

Türkiyənin xarici işlər naziri Hakan Fidan yeni dünya müharibəsi təhlükəsi ilə bağlı xəbərdarlıq edib...

Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, yalnız İsrail və HƏMAS arasındakı münaqişənin tam həlli yeni dünya müharibəsindən qaçınmağa imkan verəcək.

Poliqon xəbər verir ki, bu barədə Al Jazeera telekalanının məlumatında bildirilib. Hakan Fidanın sözlərinə görə, dünya birliyi hazırda “tarixin dönüş nöqtəsindədir”.

“Ya davamlı sülhə nail olacağıq, ya da dünya müharibəsi başlayacaq. Biz bütün tərəfləri, regional və beynəlxalq maraqlı tərəfləri ağılın səsinə qulaq asmağa çağırırıq. İsraili cinayətlərini davam etdirməyə təşviq edənlər də məsuliyyət daşıyırlar. Tez hərəkət etməsək, bizi daha da qaranlıq günlər gözləyir”, deyə Fidan Qətərli həmkarı Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşündən sonra mətbuat konfransında bildirib.

Türkiyənin xarici işlər naziri əlavə edib ki, İsrail zorakılıq yolu ilə sülh və təhlükəsizliyə nail ola bilməyəcəyini dərk etməlidir. Fidan vurğulayıb ki, vəziyyətdən yeganə çıxış yolu 1967-ci il sərhədləri əsasında və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstinin yaradılmasıdır.

Poliqon.info