Klaar: Azərbaycan və Ermənistan liderləri bu ay Brüsseldə görüşməyəcək - Yenilənib

Həqiqətən də, liderlərin Brüssel formatında üçtərəfli görüşü ilkin olaraq nəzərdə tutulduğu kimi, çox güman ki, ayın sonunda baş tutmayacaq.

Bu barədə Avropa İttifaqının Gürcüstan böhranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ofisindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Azərbaycan və Ermənistan son bir neçə həftə ərzində sülh danışıqlarına, xüsusən də Aİ Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi Brüssel prosesinə sadiq olduqlarını açıq şəkildə bəyan ediblər. Biz indi Azərbaycan və Ermənistan ilə növbəti Sammitin hazırlığına yönəlmiş məsləhətləşmələr keçiririk və gözləntilərimiz odur ki, daha əvvəl razılaşdırıldığı kimi, liderlər ən erkən fürsətdə görüşəcəklər”, - qeyd olunub.

***

Azərbaycan və Ermənistan liderləri bu ay Brüsseldə görüşməyəcək.

APA "Azadlıq Radiosu"nun erməni xidmətinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstan böhranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

Toivo Klaarın sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev vaxt azlığı ilə əlaqədar olaraq oktyabr ayının sonunda Brüsseldə görüşməyəcəklər.

Qeyd edək ki, bu ayın əvvəlində Qranadada keçirilən 3-cü Avropa Siyasi Sammitində iştirak edən Aİ Şurasının Prezidenti Şarl Mişel “France-Presse”ə açıqlamasında deyib ki, oktyabrın sonunda Avropa İttifaqının (Aİ) ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. O bildirib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb.

“Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”, - Mişel bildirib.

Poliqon.info