Mayk Consonun namizədliyi Nümayəndələr Palatasının spikeriliyinə irəli sürülüb

Respublikaçıların əksəriyyəti gizli səsvermədən sonra konqresmen Mayk Consonun ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri vəzifəsinə namizəd kimi irəli sürülməsini dəstəkləyib...

Poliqon xəbər verir ki, bu barədə The Hill qəzeti, NBC News, CNN telekanalalrı məlumat yayıb.

Məlumata görə, Mayk Conson 128 səs toplayıb. Bundan bir qədər əvvəl respublikaçılar gizli səsvermə keçirib və nəticədə konqresmen Tom Emmerin namizədliyi irəli sürülüb. Lakin bir neçə saat sonra o, Nümayəndələr Palatasının sədri seçkilərində iştirakdan imtina edib.

51 yaşlı Mayk Conson 2021-ci ildən Nümayəndələr Palatasının Respublikaçılar Konfransının sədr müavini vəzifəsində çalışır. O, ABŞ Konqresinin Respublikaçılar Araşdırma Komitəsinin keçmiş sədridir.

Xatırladaq ki, oktyabrın 3-də Nümayəndələr Palatasında əksəriyyət respublikaçı Kevin Makkartinin spiker postundan uzaqlaşdırılmasına səs verib. Daha sonra Respublikaçılar Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Cim Cordanın namizədliyini dəstəkləyib. Oktyabrın 17, 18 və 20-də keçirilən seçkilərin üç turu uğursuz olub. Bundan sonra onun namizədliyi geri götürülüb.

Poliqon.info