“3+3” formatının gələcəyi varmı?

Dünən Tehranda “3+3” formatında Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirildi...

Siyasi-şərhçi: ““3+3” formatı regional formatdır, lakin bu əməkdaşlıq formatının hələ ki, təməl prinsipləri yoxdur”.

“Hal-hazırda verilən bəyanatlar onu göstərir ki, regional ölkələr, Cənubi Qafqaz və onun qonşuluğunda olan ölkələr xüsusi bir format formalaşdırıb. Amma orada Gürcüstan yoxdur”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov “3+3” formatında keçirilən görüşün nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Tehranda keçirilən “3+3” formatındakı Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşünü necə dəyərləndirmək olar? Bu görüşü Cənubi Qafqazda sülhə və iqtisadi əməkdaşlığa doğru atılan addım kimi dəyərləndirmək olarmı və dünəmki görüşdən sonra “3+3” formatının gələcəyi necə görünür?

“3+3” formatının gələcəyini Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Əgər ziddiyyətlər müzakirə olunubsa və Cənubi Qafqazda sülh və təhlükəsizlik mühiti formalaşırsa, onda əlbəttə ki, belə formatda görüşlərin keçirilməsi səmərəlidir”.

Ən böyük problemin Ermənistan-Azərbaycan arasında sülh sazişi və Gürcüstan-Rusiya arasında olan ərazi münaqişəsinin olduğunu xatırladan ekspert Poliqon-a açqıalamasında qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi mümkün görünür, lakin Gürcüstanla Rusiya arasında olan münasibətlərdə qırmızı xərclər çoxdan keçirilib və bu iki ölkə arasında münaqişənin həll variantı görünmür:

“3+3” formatı regional formatdır, lakin bu əməkdaşlıq formatının hələ ki, təməl prinsipləri yoxdur. Görüşlər xarici işlər mazirləri formatında həyata keçirilir. Hal-hazırda “3+3” formatının görüşlərdən hər hansısa bir bürokratik formaya keçidini gözləyirik. Yəni bu əməkdaşlığın aktiv fəaliyyətini təmin etmək üçün formatın qurumsallaşdırılması lazımdır. Bunun mümkün olub-olması sual altındadır.

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirdi ki, yekun sənəddə qeyd olunan mövzularla bağlı hər bir ölkədən diplomat ayrılacaq. Hansılar ki, o ölkələr gözləntilərini sistemləşdirib Türkiyəyə yollayacaqlar. Çünki Türkiyə gələn il “3+3” formatının keçiriləcəyi yerdir. Yəni, “3+3” formatının nə katibliyi, nə də mərkəzi ofisi mövcuddur. Bu da təşkilatların, yaxud da belə formatların inkişaf mərhələsinin səciyyəvi xüsusiyyətləridir.

Hal-hazırda verilən bəyanatlar onu göstərir ki, regional ölkələr, Cənubi Qafqaz və onun qonşuluğunda olan ölkələr xüsusi bir format formalaşdırıb. Amma orada Gürcüstan yoxdur. Çünki regionda bir çox ziddiyyətlər var. Misal üçün Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında və region ölkələri ilə onun qonşuları arasında ziddiyyətlər var. Bunlara misal Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan, Azərbaycan-İran, Gürcüstan-Rusiya münaqişlərini və gərgin münasibətləri göstərmək olar. Bu ölkələr arasında fərqli səviyyədə anlaşılmazlıqlar, ziddiyyətlər mövcuddur.

Fərhad Məmmədov: ““3+3” formatının nəzəri cəhətdən uğurlu olması üçün potensialı var”.

Əgər bu ziddiyyətlər müzakirə olunubsa və Cənubi Qafqazda sülh və təhlükəsizlik mühiti formalaşırsa, onda əlbəttə ki, belə formatda görüşlərin keçirilməsi səmərəlidir. Ən böyük problem Ermənistan-Azərbaycan arasında sülh sazişi və Gürcüstan-Rusiya arasında olan məsələdir. Bildiyimiz kimi, Rusiya Gürcüstanın ərazilərini işğal edib. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi mümkün görünür, lakin Gürcüstanla Rusiya arasında olan münasibətlərdə qırmızı xərclər çoxdan keçirilib.

Yəni, “3+3” formatının nəzəri cəhətdən uğurlu olması üçün potensialı var. Lakin praktikada ciddi problemlər, manelər var ki, bu format tam olsun, bütün ölkələr tərəfindən qəbul edilsin”.

Nərminə UMUDLU Poliqon.info