TƏBİB Gəncədə baş verən avtobus qəzası barədə məlumat yayıb - Yenilənib

Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar 23.10.2023-cü il tarixində saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. 6 nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub.

Xəsarət alan 6 nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir.

***

Gəncə şəhərində 1 nömrəli xətt üzrə hərəkət edən şəhərdaxili avtobusun idarəetmədən çıxaraq aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, onlar xəstəxanaya yerləşdiriliblər.

Daha bir neçə nəfərə isə yerindəcə ambulator yardım göstərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Qəza zamanı xəsarət alanların xəstəxanaya aparılması təmin edilib.

"Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək", - o bildirib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info