Pərviz Şahbazov: "Avropaya "yaşıl enerji" ixracı istiqamətində işlər davam edir"

Azərbaycandan Avropa ölkələrinə "yaşıl enerji"nin ixracı istiqamətində işlər davam etdirilir...

Poliqon Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclasında bildirib.

Komissiya ölkə Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli Sərəncamı ilə yaradılıb. P.Şahbazovun sədrliyi ilə keçirilən iclasda cari dövr ərzində görülmüş işlər barədə hesabatlar dinlənilib.

Nazir dövlət başçısının rəhbərliyi altında ölkəmizdə bərpa olunan enerjinin inkişafı sahəsində əldə olunan nailiyyətlər və perspektivlərdən danışıb. O bildirib ki, yaxın günlərdə regionun ən böyük günəş elektrik stansiyası - “Qaradağ” GES istismara veriləcək. İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası kimi inkişafı üzrə işlər davam etdirilir, müvafiq sahədə müntəzəm monitorinqlər aparılır. O, Naxçıvanın "yaşıl enerji" zonası elan olunduğu qeyd edərək, muxtar respublikada bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılmasını da özündə ehtiva edən 2023-2027-ci illər üçün sosial-iqtisadi inkişafa dair dövlət proqramının icrasından danışıb.

İclasda bərpa olunan enerji layihələri üçün dənizdə ərazi ayrılması, imzalanması nəzərdə tutulan sənədlər, yeni güclərin şəbəkəyə inteqrasiyası və digər məsələlər müzakirə olunub.

Energetika, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Müdafiə, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Azərenerji” və “Azərişıq” ASC-lər, Azərbaycan Mərkəzi Bankı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Minatəmizləmə Agentliyinin nümayəndələrinin iştirak etdiyi iclas bərpa olunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı növbəti addım və vəzifələrin müzakirəsi ilə yekunlaşıb.

Poliqon.info