Qış gəlir... - Qaz və işığın limitində artım ola bilərmi?

Bir çox ailələr tətbiq olunan limiti keçir, qazı və işığı yüksək qiymətlə almağa başlayırlar...

İqtisadçı-ekspert: “Çox təəssüf ki, Azərbaycanda hansısa tariflərin azalmasını gözləmək əbəsdir”.

“Amma kommunal xidmətlərdə limitlər götürülməsi nəyinki lazımdır, hətta labüddür”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda olan kommunal xidmətlərin qiymətlərini Poliqon-a şərh edərkən qeyd edib.

Tarif Şurasının son olaraq 2021-ci ilin 16 oktyabrında verdiyi qərara əsasən, Azərbaycanda elektrik enerjisi və təbii qazın qiyməti artıb. Şuranın qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanır. Əvvəllər bu, 10 qəpik idi. Yəni əhali illik 1200 kubmetrlik normanı keçdiyi halda, 1 kub metr üçün 20 qəpik, 2500 kubmetrlik limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyir.

Elektrik enerjisinə gəlincə isə əhali üçün tarif diferensiasiyası dəyişib. İndiyədək elektrik enerjisi üçün iki ödəniş həddi olub – aylıq 300 kVts-dək (7 qəpik) və 300 kVts-dan çox (11 qəpik). Lakin hər il qış fəsli yaxınlaşdıqca, təbii qazın və elektrik enerjisinin limitinin ləğv edilməsi məsələsi ciddi müzakirə olunur. Çünki bir çox ailələr tətbiq olunan limiti keçir, qazı və işığı yüksək qiymətlə almağa başlayırlar.

Bəs qaz və işığın limitində artım ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Limitlərin ləğvi məsələsi artıq ciddi şəkildə müzakirə olunmalıdır və limit məsələsi aradan qaldırılmalıdır”.

Azərbaycanın enerji ölkəsi olaraq belə limitlərin vətəndaşlara tətbiq etməsinin doğru olmadığını nəzərə çatdıran ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu vətəndaşlarda da ciddi narazılıq yaradan məsələdir:

“Çox təəssüf ki, Azərbaycanda hansısa tariflərin azalmasını gözləmək əbəsdir. Yəni, kommunal xidmətlərdə, suyun, qazın, işığın qiymətində azalma çətin ola. Amma kommunal xidmətlərdə limitlər götürülməsi nəyinki lazımdır, hətta labüddür. Çünki Azərbaycanın enerji ölkəsi olaraq belə limitlər vətəndaşlara tətbiq etməsi doğru deyil. Bu vətəndaşlarda da ciddi narazılıq yaradan məsələdir.

Buna görə də, düşünürəm ki, limitlərin ləğvi məsələsi artıq ciddi şəkildə müzakirə olunmalıdır və limit məsələsi aradan qaldırılmalıdır. Çünki belə limitlərin tətbiq vətəndaşlarımızda ən azından narazılıq yaradır”.

Nərminə UMUDLU Poliqon.info