Rusiya serbləri Ukraynaya qarşı müharibəyə cəlb edir

Rusiya Ukraynaya qarşı müharibədə hərbi qüvvələrini artırmaq üçün serbləri cəlb edir. Moskva yüzlərlə Serbiya vətəndaşını işə götürməyi planlaşdırır....

Poliqon xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri xarici vətəndaşları öz sıralarına cəlb etmək məqsədi daşıyan bir sıra qanunlar qəbul edib. Vladimir Putin qoşunlarının Ukraynaya hücumundan qısa müddət sonra keçirilən təhlükəsizlik toplantısında Kremlin Rusiya tərəfində döyüşməyi planlaşdıran əcnəbilərə kömək etməli olduğunu deyib.

O vaxtdan bəri Rusiya lideri əcnəbilər üçün müqaviləli hərbi xidmətin minimum müddətini 5 ildən bir ilə endirmək haqqında sərəncam imzalayıb və həmçinin rus olmayan döyüşçülərin orduya cəlbinin sürətləndirilməsini təklif edib.

2012-ci ildən Avropa İttifaqına namizəd olan Serbiya, Avropaya inteqrasiyaya təkan verərək Rusiya ilə tarixən yaxın əlaqələri balanslaşdırmaqda çətinlik çəkir. Ukraynaya qarşı müharibə başlayandan bəri bir sıra Moskvayönlü mitinqlər təşkil edən serb ultramillətçiləri arasında Rusiyayönlü əhval-ruhiyyə xüsusilə güclüdür.

Serb əsgərlərin sayı hələ ki, hərbi əməliyyatların gedişatına nəzərəçarpacaq dərəcədə böyük olmasa da, Moskvanın hərəkətləri Qərbdəki azsaylı müttəfiqlərindən biri olan Serbiya ilə münasibətləri pisləşdirmək riski daşıyır.

Yayda hazırlanmış kimi görünən işə qəbul planının rəhbəri 2014-cü ildə Ukraynanı işğal edən ilk Rusiya qüvvələrinin tərkibində illərlə döyüşmüş serb Davor Saviçiçdir. Saviçiç həm də hərbiləşdirilmiş "Vaqner" qruplaşması ilə bağlıdır. Rusiyanın "Fontanka" nəşri onun daha əvvəl "Vaqner"lə birlikdə Suriyada döyüşdüyünü yazıb. Paramiliter qrupa yaxın iki mənbə "Teh Guardian"a Saviçiçin onun fəaliyyətində iştirakını təsdiqləyib.

Avqustun 21-də məşhur kremlpərəst teleaparıcı Vladimir Solovyova müsahibəsində Saviçiç Ukraynadakı Serbiya vətəndaşlarından ibarət bölməyə necə rəhbərlik etdiyi barədə səmimi danışıb: "İndi biz rəsmi olaraq Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayırıq. Əsgərlər Krasnoqorsk hərbi komissarlığında qeydiyyatdan keçirlər. Əlavə təlimdən sonra uşaqlar Luqansk istiqamətinə göndərilir".

Poliqon.info