Qəzza zolağının 1 milyona yaxın sakini evlərini tərk edib

Qəzza zolağında 1 milyondan çox fələstinli didərgin düşüb...

Polqon xəbər verir ki, bu barədə Fələstinin BMT-dəki Daimi Nümayəndəsi Riyad Mənsur bildirib. Mansur İsrailin “3000 fələstinlini öldürdüyünü” və onların yarıdan çoxunun qadın və uşaq olduğunu bildirib. Yayım BMT-nin saytında həyata keçirilib.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi də müharibə başlayandan bəri didərgin düşmüş insanların sayının “bir milyona çata biləcəyini” qeyd edib.

“Heç kim xalqımıza qarşı törədilən zorakılıqdan danışmır. Şura niyə indi atəşkəsə, cinayətlərə, qırğınlara son qoymağa çağıra bilmir? Qətl və dağıntıların dayandırılması təcili lazımdır. Səhiyyə sektoru və humanitar yardımlar iflas vəziyyətindədir. 1 milyondan çox insan didərgin düşüb. İnsanlar öz yaxınlarını dəfn edə bilməzlər”, deyə Mənsur BMT Təhlükəsizlik Şurasının Rusiya tərəfindən atəşkəsə çağıran qətnamə layihəsi ilə bağlı keçirilən iclasında bildirib.

İclasda İsrailin daimi nümayəndəsi bildirib ki, Fələstin hərəkatının yaraqlıları silahı yerə qoyaraq girovları azad edəndə HƏMAS ilə müharibə başa çatacaq. İsrail nümayəndəsi qrupu nasizmdə günahlandırıb və hərbi reaksiyanı İsrail və Qəzza zolağı üçün “qəddar tiranlardan” xilasetmə missiyası adlandırıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Rusiyanın Qəzza və İsraillə bağlı qətnaməsini qəbul etməyib. Qətnaməni Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Qabon və Mozambik dəstəkləyib, ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya buna qarşı çıxıb, qalanları isə bitərəf qalıb. Qərb ölkələri bu qərarı onunla izah ediblər ki, qətnamədə HƏMAS hərəkatının 7 oktyabrda İsrailə hücumuna görə pislənmir.

Poliqon.info