ABŞ ordusu Qəzzada əməliyyat keçirə bilər

Qəzzada girov saxlanılan Amerika vətəndaşlarını azad etmək üçün ABŞ ordusundan istifadə etmək imkanları istisna edilmir...

Birləşmiş Ştatlar Fələstin-İsrail münaqişəsində iştirak etmək üçün Yaxın Şərqə qoşun göndərmək niyyətində deyil. Lakin Qəzzada girov saxlanılan Amerika vətəndaşlarını azad etmək üçün onlardan istifadə etmək imkanını da istisna etmir.

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Fox News telekanalına müsahibəsində bildirib.

Vaşinqton fəal şəkildə Qəzzada girov saxlanılan amerikalıların yerini, eləcə də onların dəqiq sayını müəyyən etməyə çalışır:

"Bu, Prezidentin ən yüksək prioritetidir, onun üçün Amerika vətəndaşlarının geri qaytarılması və onların təhlükəsizliyindən daha vacib heç nə yoxdur... Həmvətənlərimizin azadlığa buraxılması ilə bağlı hər hansı variantı istisna etməyəcəyəm. Biz hər dəfə bunun üzərində işləyirik".

Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: Su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.

Poliqon.info