“3+3” formatı Azərbaycan-Ermənistan sülhünə hansı töhfələr verə bilər?

Nikol Paşinyan bildirib ki, Ermənistan “3+3” formatı çərçivəsində görüşlər keçirməyə hazırdır...

Politoloq: “Ermənistan öz ənənəvi siyasətindən əl çəkməyib. Biz bunun Paşinyan iqtidarına tam yönəlik söyləyə bilərik”.

“Ermənistanın “3+3” formatı çərçivəsində görüşlər keçirməyə hazır olması o anlama gəlmir ki, Yerəvan Zəngəzur dəhlizini açacaq və Azərbaycanın istədiyi şərtlərlə sülh müqaviləsini imzalayacaq”.

Bu sözləri politoloq Əhəd Məmmədli Ermənistan “3+3” formatı çərçivəsində görüşlər keçirməyə hazır olduğunu bəyan etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan “3+3” formatı çərçivəsində görüşlər keçirməyə hazırdır. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. Aydın məsələdir ki, əgər Paşinyan bu formatda görüşlərin baş tutmasına hazırdırsa, onda Ermənistan tərəfi nəqliyyat dəhlizlərinin açılması ilə bağlı real addımlar atmalıdır. Bəs bu real addımların Ermənistan tərəfindən atılması gözləniləndir və “3+3” formatı Azərbaycan-Ermənistan sülhünə hansı töhfələr verə bilər?

Mövzunu Poliqon-un əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Ermənistan nəqliyyat dəhlizlərinin açılmasının onların nəzarəti altında olmasını istəyir. Bu da təbii ki, Azərbaycan üçün qəbuledilməzdir”.

Zəngəzur dəhlizinin açılması və ona Rusiyanın, yaxud da beynəlxalq qüvvələrin nəzarət etməsi üçün Ermənistanın razılığa gəlməsini Azərbaycanın güc yolu ilə həll etməli olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, əks halda Ermənistan nəqliyyat dəhlizlərinin açılmasına razı olmayacaq:

“Ermənistan öz ənənəvi siyasətindən əl çəkməyib. Biz bunun Paşinyan iqtidarına tam yönəlik söyləyə bilərik. Onlar eyni vaxtda bir neçə stolda oturmaq istəyir. Ermənistanın son zamanlarda Qərblə, Fransa, Almaniya və Avropa İttifaqı ilə yaxınlaşmasına görə regionda təkləndiyini gördü. Onlar anladılar ki, Ermənistanın bu siyasətindən bütün region ölkələr narazıdır. Yəni, Ermənistanın apardığı siyasətə Gürcüstan neytral vəziyyətdədir, qalan Azərbaycan başda olmaqla Türkiyə, Rusiya, İran narazıdır.

Amma Ermənistanın “3+3” formatı çərçivəsində görüşlər keçirməyə hazır olması o anlama gəlmir ki, Yerəvan Zəngəzur dəhlizini açacaq və Azərbaycanın istədiyi şərtlərlə sülh müqaviləsini imzalayacaq. Ermənistan nəqliyyat dəhlizlərinin açılmasının onların nəzarəti altında olmasını istəyir. Bu da təbii ki, Azərbaycan üçün qəbuledilməzdir.

Düşünürəm ki, Zəngəzur dəhlizinin açılması və ona Rusiyanın, yaxud da beynəlxalq qüvvələrin nəzarət etməsi üçün Ermənistanın razılığa gəlməsini Azərbaycan güc yolu ilə həll etməlidir. Əks halda Ermənistan Zəngəzur dəhlizinin açılmasına razı olmayacaq”.

Nərminə UMUDLU Poliqon.info