Aİ rəsmisi Türkiyəyə Aİ və NATO, Rusiya və HƏMAS arasında seçim etməyi təklif edib

Avropa Komissiyasının (AK) vitse-prezidenti Marqaritis Şinas bildirib ki, Türkiyə kimin dəyərlərinə daha yaxın olduğuna qərar verməlidir...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Aİ rəsmisinin sözlərinə görə, Ankara Avropa İttifaqının (Aİ), NATO-nun, yoxsa Rusiya, İran, HƏMAS və “Hizbullah”ın tərəfində yer aldığını müəyyən etməlidir.

Şinas bu mövzunu Şərqi Aralıq dənizi və Cənub-Şərqi Avropa Konfransında qaldırıb. O, çıxışı zamanı bildirib ki, ilk andan bütün 27 Aİ ölkəsi yekdilliklə İsrailin özünümüdafiə hüququnu tanıyıb, terror aktını pisləyib və yüksək səslə bəyan ediblər ki, terrora heç bir bəraət yoxdur.

“Türkiyə tarixin hansı tərəfində olmaq istədiyini seçməlidir: bizimlə - Avropa Birliyi, NATO, dəyərlərimiz, Qərbin ruhu ilə, yoxsa Moskva, Tehran, Həmas və “Hizbullah”la. Cavab aydın olmalıdır”, deyə AK-nin vitse-prezidenti deyib.

Marqaritis Şinas etiraf edib ki, Türkiyə Avropada və regionda immiqrasiya və ticarət kimi sahələrdə sabitliyin əsas tərəfdaşıdır. Amma o, Ankaranı anti-Rusiya sanksiyalarına qoşulmadığına görə də tənqid edib.

Poliqon.info