Rusiya təcili şəkildə Fələstin dövlətinin yaradılmasını istəyir

Moskva BMT-nin Fələstin dövlətinin yaradılmasına dair qətnamələrinin yerinə yetirilməməsinin əsas günahkarı olaraq ABŞ-ı görür...
"Rusiya ümid edir ki, atəşkəsdən sonra Fələstin və İsrail BMT-nin Fələstin dövlətinin yaradılmasına dair qətnamələrinin təşkilat tərəfindən təsdiq edilmiş prinsiplər əsasında icrasına qayıdacaqlar".

Poliqon xəbər verir ki, bunu MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının yekunları üzrə mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Diplomat vurğulayıb ki, Rusiya bunun dərhal baş verməsinə tərəfdardır. Lavrov xatırladıb ki, onilliklər ərzində Birləşmiş Millətlər Təşkilatının Fələstin dövlətinin yaradılması qərarının, ilk növbədə, "inhisarçılıq və vasitəçilik səylərini qəsb etmək istəyən" ABŞ tərəfindən sabotaj edilib.

Lavrovun sözlərinə görə, ABŞ Rusiya, BMT və Avropa İttifaqını kənara çəkməyə çalışır və bununla da beynəlxalq vasitəçilər "dördlüyü"nün işini pozur.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə bir neçə min raket atmasından və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan etməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar" adlanırdı.

1947-ci il noyabr ayınin 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar çıxarıb. Qərara əsasən, Fələstinin 54%-i yəhudi, 45%-i isə ərəb dövlətinin payına düşür. Qüds şəhərinin yerləşdiyi qalan 1% isə beynəlxalq ərazi olmalı idi.

Poliqon.info