Lavrovun sülhməramlı bəyanatı... - Rusiya erməniləri bir daha Qarabağa qaytarmağı düşünür?

Rusiyanın xarici işlər naziri deyib ki, hazırda hədəflərindən biri Qarabağda olan sülhməramlıların müddətini 2030-a qədər uzatmaqdır...

Politoloq: “Əslində, Rusiya sülhməramlılarının səlahiyyət müddətinin uzadılması məsələsi bəlli idi. Yəni, Rusiyanın bu tezliklə regiondan çıxmaq istəyini düşünmürdük”.

“Ümumiyyətlə, 2030-cu ilə qədər sülhməramlılar Azərbaycanda qalacaqsa, bu ondan xəbər verir ki, Qarabağa ermənilərin yenidən qayıdışı mümkündür”.

Bu sözləri politoloq Turan Rzayev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ sülhməramlılarını ilə bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Sergey Lavrov deyib ki, ABŞ və Avropa İttifaqı (Aİ) qeyri-sabitlik yaydığı halda, Qarabağdakı Rusiya sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına kömək etməyə hazırdır. Onun sözlərinə görə, rus sülhməramlılarının müddəti 2025-ci ilin noyabrında bitəcək və Rusiyanın hazırda hədəflərindən biri bu müddəti 2030-a qədər uzatmaqdır.

Lavrovun bu bəyanatı nədən xəbər verir? Belə çıxır ki, Rusiya erməniləri bir daha Qarabağa qaytarmağa cəhd edəcək?

Rusiyanın yeni sülhməramlı planlarını Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Hazırkı mərhələdə Rusiyanın əsas hədəfi 1988-ci il variantına qayıtmaqdır. Böyük ehtimalla onlar Xankəndində qalacaqlar”.

Rusiya faktiki olaraq sülhməramlılarını regionda saxlayaraq bir növ gələcək prespektivdə münaqişəsinin alovlanması üçün hüceyrələri saxlamaqda olduğunu xatırladan politoloq Poliqon-a bildirib ki, nə qədər sülhməramlılar ərazidə olacaqlar seperatçılığın da gələcəkdə vüsət alması riski hər zaman olacaq:

“Əslində, Rusiya sülhməramlılarının səlahiyyət müddətinin uzadılması məsələsi bəlli idi. Yəni, Rusiyanın bu tezliklə regiondan çıxmaq istəyini düşünmürdük. Mümkün deyildi ki, lokal antiterror tədbirlərinin keçirilməsi, sepertçı xunta rejiminin tamamilə ləğv edilməsi və bu tipli digər məsələlərdə Rusiya səssiz qalsın. Faktiki olaraq Rusiya səssiz qaldı. Aydın məsələdir ki, bunun da ən önəmli səbəbi Rusiyanın regionda qalmaq istəyi idi. Ümumiyyətlə, hazırkı mərhələdə Rusiyanın əsas hədəfi 1988-ci il variantına qayıtmaqdır. Böyük ehtimalla onlar Xankəndində qalacaqlar. Ola bilsin bəzi mandatlarında dəyişiklik olsun və əslində kontingentin sayının da artırılması mümkündür. Yəni sülhməramlıların müddətinin 2030-cu ilə qədər uzatmaqla paralel olaraq kontingentin hazırkı say tərkibi də artırıla bilər.

Azərbaycan konstitusiyasına görə Azərbaycanın daxilində başqa ölkəyə aid hərbi bazanın, hissənin olması mümkün deyil. Amma sülhməramlılar burada qalırlar və sülhməramlı adı altında qalmalarına da xüsusi maneə də yoxdur. Ümumiyyətlə, 2030-cu ilə qədər sülhməramlılar Azərbaycanda qalacaqsa, bu ondan xəbər verir ki, Qarabağa ermənilərin yenidən qayıdışı mümkündür. Azərbaycanlılarla paralel olaraq ermənilərin də qayıdışı məsələsi gündəmdədir. Rusiya faktiki olaraq sülhməramlılarını regionda saxlayaraq bir növ gələcək prespektivdə münaqişəsinin alovlanması üçün də hüceyrələri saxlamaqdadır. Nə qədər ki, sülhməramlılar ərazidə olacaqlar seperatçılığın da gələcəkdə vüsət alması riski hər zaman olacaq.

Turan Rzayev: “Rusiya sülhməramlılarının gələcəkdə seperatizmi alovlandırmaması, ümumiyyətlə sepertizmin alovlanmaması üçün Azərbaycan tərəfinin üzərinə böyük iş düşür”.

Təbii ki, indiki məqamda Azərbaycan beynəlxalq güclərin regiona sülhməramlı adı altında gəlməsi ilə müqayisədə Rusiya sülhməramlılarının ərazidə olmasını daha məqbul sayır. Hazırda iki alternativdən birini seçməli idik və Rusiya sülhməramlılarının seçilməsi daha məqbuldur. Amma Rusiya sülhməramlılarının gələcəkdə seperatizmi alovlandırmaması, ümumiyyətlə sepertizmin alovlanmaması üçün Azərbaycan tərəfinin üzərinə böyük iş düşür. Bu istiqamətdə qabaqlayıcı tədbirlərin də alınması vacibdir. Əks təqdirdə, Azərbaycanda ehtimal bir hakimiyyət boşluğu yaranacağı təqdirdə sülhməramlılar bundan istifadə edəcək. Yaxud da, Azərbaycan Qərbə inteqrasiya etmək niyyətində olsa, Rusiya yenə bundan istifadə edib, sülhməramlılarının Qarabağdakı bazası üzərindən erməniləri silahlandırıb, yenidən seperatizmi alovlandıracaq.

Onsuz da, Qarabağ erməniləri Qarabağa qayıdacaq. Həmin insanlar oradan köçüb getdilər, amma onlar əbədi getmədilər və qayıdacaqlar. Ümumiyyətlə, 10 noyabr bəyanatında da bu məsələ öz əksini tapıbdır ki, azərbaycanlıların əraziyə qayıdışı var. İndiki məqamda ermənilərin də qayıdışı gerçəkləşəcək. Azərbaycan konstitusiyasını qəbul edən ermənilərin ölkəyə gəlişinə xüsusi bir maneə yoxdur. Bu baxımdan onlar da qayıdacaqlar”.

Nərminə UMUDLU Poliqon.info