Sülhməramlıların Qarabağda müşahidə məntəqələrini ləğv etmələri... - Ərazini tərk edirlər?

Rusiya sülhməramlıları Qarabağda müşahidə məntəqələrinin ləğvi ilə məşğul olurlar...

Siyasi-şərhçi: “Qarabağda olan Rusiya sülhməramlıları ilə bağlı hal-hazırda çox ziddiyyətli məlumatlar, bəyanatlar verilir”.

“Onların fəaliyyət dairələri azalıb. Buna görə də, Qarabağda o qədər Rusiya sülhməramlılarının qalmasına ehtiyacın olub-olmamasına yenidən baxılmalıdır”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Rusiya sülhməramlılarının Qarabağda müşahidə məntəqələrinin ləğv etmələrini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya sülhməramlıları son zamanlar Qarabağda müşahidə məntəqələrinin ləğvi ilə məşğul olurlar. Bu prosesin sonu nəylə nəticələnəcək? Bu, o anlama gəlmir ki, yaxın günlərdə Rusiya sülhməramlıları Qarabağı tərk edə bilərlər?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Qarabağ ermənilərinin təhlükəsizlik mühitini formalaşdırmaq üçün, reinteqrasiyanın bir tərkib parçası olaraq rus sülhməramlılarından Azərbaycan tərəfindən istifadə edilir”.

Müəyyən sayda beynəlxalq təmsilçiliyi təmin etmək üçün Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Qarabağda qalmasının gözlənilən olduğunu vurğulayan ekspert əlavə edib ki, 2025-ci ildə artıq onlara hər hansı bir formada ehtiyac qalmayacaq:

“Qarabağda olan Rusiya sülhməramlıları ilə bağlı hal-hazırda çox ziddiyyətli məlumatlar, bəyanatlar verilir. Lakin faktlara baxmaq lazımdır.

Birincisi, Rusiya sülhməramlıları kontingentinin orada yerləşməsi 2025-ci ilə qədər üçtərəfli bəyanatla tənzimlənir.

İkinci məqam onun funksiyası ilə bağlıdır. Bəyan olunan funksional Laçın yoluna nəzarət edirdi. Həmçinin sülhməramlılar Qarabağ erməniləri ilə, orada olan qanunsuz silahlı birləşmələrlə Azərbaycan ordusu arasında əsasən nəqliyyat yolları üzərində postlar qurmuşdular. 19-20 sentyabrdan sonra perimetrdə olan postların mənası itib və hal-hazırda onlar fəaliyyətini dayandırıb. Yəni, dislokasiya nöqteyi-nəzərdən onların fəaliyyət dairəsi darlaşıb.

Düşünürəm ki, Rusiya sülhməramlılarının Türkiyə zabitləri ilə birlikdə olan fəaliyyəti, funksiyası qısa müddətdə götürsək silahsızlaşdırma, silahların Azərbaycan tərəfinə təhvil verilməsi, Ermənistan qoşunlarının çıxarılması idi və artıq buna nail olunub.

Fərhad Məmmədov: “Rusiya sülhməramlılarının sayında azalma baş verə bilər”.

Üçüncü məqam, orada Qarabağ ermənilərinin təhlükəsizlik mühitini formalaşdırmaq üçün, reinteqrasiyanın bir tərkib parçası olaraq rus sülhməramlılarından Azərbaycan tərəfindən istifadə edilir. Yaxın iki il ərzində Qarabağ erməniləri qayıdacaqmı ya yox bu hələ ki, bəlli deyil. Amma əgər Qarabağ erməniləri qayıdacaqlarsa, bu dövrdə təhlükəsizlik mühitinin formalaşdırılması üçün də Rusiya sülhməramlıları rol oynaya bilər.

Eyni zamanda Rusiya sülhməramlılarının sayında azalma baş verə bilər. Çünki onların fəaliyyət dairələri azalıb. Buna görə də, Qarabağda o qədər Rusiya sülhməramlılarının qalmasına ehtiyacın olub-olmamasına yenidən baxılmalıdır. Putin demişkən, bunlar hamısı Rusiya və Azərbaycan arasında danışıqlar predmetidir.

Mən düşünürəm ki, müəyyən sayda beynəlxalq təmsilçiliyi təmin etmək üçün Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Qarabağda qalması gözləniləndir. Lakin 2025-ci ildə artıq onlara hər hansı bir formada ehtiyac qalmayacaq”.

Nərminə UMUDLU Poliqon.info