Mahmud Abbas BMT-ni Qəzza zolağında İsrail təcavüzünün qarşısını almağa çağırıb

Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas BMT-ni fələstinlilərə qarşı davam edən "İsrail təcavüzü"nə qarşı təcili tədbir görməyə çağırıb...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Xəbərdə deyilir ki, Abbas BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığında BMT-ni “İsrailin Fələstin xalqına, xüsusən də Qəzza zolağına qarşı davam edən təcavüzünü dayandırmaq üçün dərhal müdaxilə etməyə” çağırıb.

Abbas həmçinin Qəzzada tibbi və humanitar yardıma təcili ehtiyac olduğunu vurğulayaraq, yaxınlaşan humanitar böhrana diqqət çəkib.

Quterreş, öz növbəsində, BMT-nin Qəzza xalqına humanitar yardım çatdırmaqda davam etdiyini qeyd edərək, təşkilatın mövcud gərginliyin qarşısını almaq üçün maraqlı tərəflərlə fəal əlaqə saxladığını qeyd edib.

Oktyabrın 7-də Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. Onlarla fələstinli yaraqlı Qəzzadan yük maşınları və paraplanlarla İsrail ərazisinə daxil olub. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başladığını elan etdi. İsrail hakimiyyəti ölkənin müharibə vəziyyətində olduğunu rəsmən bəyan edib.

Poliqon.info