İsraildə müharibə gedir, Bayden Ağ Evdə piknik edir

ABŞ prezidenti Co Bayden İsrailin müharibədə olduğu və terrorçuların amerikalıları girov saxladığı bir vaxtda bazar günü günortadan sonra Ağ Evdə manqal məclisi təşkil etdiyinə görə respublikaçıların tənqidinə məruz qalıb...

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

Missuri ştatından respublikaçı senator Coş Hauli sosial mediada yazıb: “HƏMAS amerikalıları girov saxladığı halda, Co Bayden canlı musiqi ilə piknikdən həzz alır”.

Başqa bir respublikaçı Stiv Qost Baydeni Roma yanarkən skripka çalan Roma İmperatoru Neronla müqayisə edib: “İsrail HƏMAS-ın terror hücumları səbəbiylə yanarkən Co Bayden sözün əsl mənasında manqal məclisində canlı qrupun ifasını dinləyir. Tarix təkrarlanır”.

Qeyd edək ki, mətbuat Bayden və həyat yoldaşı Cilin Ağ Evin işçiləri və onların ailə üzvləri üçün piknik məclisi təşkil etdiyini bildirib. Jurnalistlərdən biri iqamətgahın ərazisində canlı musiqi eşitdiyini deyib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Poliqon.info