Gürcüstan Rusiyanın hərəkətini təxribat adlandırdı

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın Gürcüstanın separatçı Abxaziya bölgəsində hərbi dəniz bazası yaratmağı planlaşdırması ilə bağlı xəbərləri pisləyib...

Poliqon xəbər verir ki, Gürcüstan XİN bu barədə bəyanat yayıb.

“Bu cür hərəkətlər Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması, Abxaziya və Sxinvali bölgəsinin qanunsuz işğalını qanuniləşdirmək üçün növbəti təxribat cəhdidir”, deyə bəyanatda bildirilir.

Nazirlik Rusiyanı 12 avqust 2008-ci il tarixli razılaşmaya əsasən beynəlxalq öhdəliklərinə hörmət etməyə və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış regionlarının işğalına son qoymağa çağırıb.

Qeyd edək ki, Rusiya Qara dəniz donanmasının yeni məkanı kimi Gürcüstan ərazisinin işğal olunmuş hissəsini - rus qoşunlarının 1990-cı ildə qeyri-rəsmi olaraq daxil olduğu tanınmamış Abxaziya respublikasını seçib. Qondarma respublikanın “prezidenti” Aslan Bjaniya Putinlə birgə sazişin imzalandığını elan edib. Onlar Rusiya donanmasının bazasını Oçamçira rayonunda yerləşdirmək istəyirlər.

Poliqon.info