Amazon-un qiymətləri artırmaq üçün gizli alqoritmdən istifadə etdiyi iddia edilib

Lakin Amazon rəhbərliyi onlara qarşı irəli sürülən ittihamları rədd edir...

Poliqon xəbər verir ki, ABŞ-ın aparıcı qəzetlərindən olan Wall Street Journal nəşri elektron ticarət nəhəngi Amazon-un qiymətləri artırmaq üçün gizli alqoritmdən istifadə etdiyini iddia edib.

WSJ bu iddiaları ABŞ Federal Ticarət Komissiyasının 25 sentyabrda şirkətə qarşı inhisar gücündən qeyri-qanuni istifadə edərək rəqabətə zidd hərəkət etdiyi səbəbi ilə açdığı iddianın sənədlərinə əsaslandırıb.

Xəbərdə Amazonun qiymətləri nə qədər artıra biləcəyini yoxlamaq üçün “Project Nessie” adlı alqoritmdən istifadə etdiyi iddia edilib.

İşin sənədlərindən xəbəri olduğunu iddia edən və kimliklərini paylaşmayan mənbələrə görə, alqoritm Amazona təxminən 1 milyard dollar qazandırıb.

WSJ iddia edir ki, alqoritm vasitəsilə Amazon artıq “Target” kimi əsas rəqiblərlə mübarizədə qiymətləri nə qədər qaldıra biləcəyini hesablayıb.

Buna uyğun olaraq, alqoritm digər rəqiblərin qiymətlərini nə qədər artıracağını proqnozlaşdırmaq üçün saytdakı məhsulların qiymətlərini süni şəkildə şişirdir. Rəqiblərin qiymətləri aşağı saxlayacaqları üzə çıxarsa, alqoritm avtomatik olaraq qiymətləri normal vəziyyətə gətirir.

Qeyd edilir ki, alqoritm Amazonun rəqibləri tərəfindən tətbiq edilən endirimlər üçün də eyni sistemi həyata keçirə bilər.

FTC proqram təminatı iddialarla bağlı açıqlama verməsə də, Amazon-un anonim sözçüsü alqoritmin sadə bir qiymət uyğunlaşdırma proqramı olduğunu və FTC-nin proqram təminatı ilə bağlı səhv qərar verdiyini iddia edib. Sözçü bir neçə il alqoritmi sınadıqlarını, lakin yaxşı nəticə əldə etməyəndə layihəni dayandırdıqlarını bildirib.

Texnologiya xəbər saytı “Techcrunch” Amazon-un 2019-cu ildə alqoritmdən istifadəni dayandırdığını yazıb. Proqramın tam olaraq nə vaxt hazırlandığı məlum deyil.

FTC iddia edir ki, Amazon öz rəqiblərinin fərqli strategiyalarla ədalətli rəqabət aparmasına mane olur. Müvafiq olaraq, e-ticarət nəhəngi inhisar gücündən qeyri-qanuni istifadə edərək, rəqiblərinin Amazonun bazardakı hökmranlığına təhlükə yaratmamasını təmin edir.

İddiada Amazon-da satıcıların da “cəzalandırıldığı” iddia edilir. Buna uyğun olaraq, satıcılar Amazonda ticarət etdikləri məhsulları şəxsi saytlarından daha ucuz satırlarsa, sözügedən məhsullar platformada siyahıda daha aşağı yerləşdirilir və müştərilərin onları görməsi çətinləşir.

Poliqon.info