“Taxıl sazişi” ilə bağlı qərar ilin sonuna qədər verilə bilər

Qara Dəniz Taxıl Təşəbbüsünün (Taxıl sazişi) mümkün bərpasına bu ilin sonuna kimi aydınlıq gələ bilər...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinə “taxıl sazişi” ilə bağlı danışıqların təfərrüatlarından xəbərdar olan Türkiyədəki diplomatik mənbə bildirib.

Agentliyin həmsöhbəti qeyd edib ki, hazırda taxıl müqaviləsinin uzadılması və Rusiyanın sazişdə iştiraka qayıtması ilə bağlı heç bir irəliləyiş yoxdur. Mənbənin sözlərinə görə, “taxıl sazişi” üzrə danışıqlar prosesi ilə bağlı vəziyyətin yalnız bu ilin noyabr-dekabr aylarında aydınlaşacağı gözlənilir.

Rusiya iyulun 18-də şərtlərini yerinə yetirmədiyini bəyan edərək, “taxıl sazişi”ndən çıxıb. Moskva xüsusilə, “Rosselxozbank”ı SWIFT-ə yenidən qoşmağı və Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarına çıxışına qoyulan qadağanın aradan qaldırılmasını tələb edib.

Sentyabrın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Rusiya prezidenti Vladimir Putin Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra sazişin icrasına qayıtmağa hazır olduğunu bildirib. Ukrayna Xarici İşlər Nazirliyi Rusiyaya güzəştə getməkdən imtina edib. BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrova müqavilənin bərpası təklifləri ilə məktub göndərib.

Poliqon.info