Hindistan Kanadadan 40 diplomatı geri çağırmağı tələb edir

Hindistan 40-a yaxın kanadalı diplomatın oktyabrın 10-dək ölkəni tərk etməsini tələb edib...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, Hindistan hakimiyyəti göstərilən tarixdən sonra ölkədə qalanların diplomatik toxunulmazlığını ləğv etməklə hədələyib.

Kanada Xarici İşlər Nazirliyi və Hindistan hökuməti məlumatı şərh etməkdən imtina ediblər. FT-ninmənbələrindən biri qeyd edib ki, Kanadanın Hindistanda 62 diplomatı var və Yeni Dehli bu sayının 41 nəfər azaldılmasını tələb edib. Nəşr yazır ki, Kanadanın Yeni Dehlidəki diplomatik missiyasında Hindistanın Ottavadakı diplomatik nümayəndəliyindən bir neçə dəfə çox diplomat var. Lakin hind diplomatlarının dəqiq sayı açıqlanmayıb.

Qeyd edək ki, sentyabrda Kanadanın Baş naziri Castin Trüdonun Kanadada sikx icmasının liderlərindən birinin qətlində Hindistan kəşfiyyat xidmətlərinin əli ola biləcəyini açıqlamasından sonra iki ölkə arasında münasibətlər pisləşib. Bu açıqlamadan sonra Kanada Xarici İşlər Nazirliyi yüksək rütbəli hind diplomatını, Hindistan isə kanadalı diplomatı ölkədən çıxardığını açıqlayıb.

Poliqon.info