Putin strategiyasını dəyişib: Rusiya liderinin 3 hədəfi...

Ukraynadakı hərbi uğursuzluq Polşa və Baltikyanı ölkələr üçün birbaşa təhlükəni bir qədər azaldıb, lakin Rusiya indi NATO-nun zəif nöqtəsini axtarır...

“Son aylar göstərdi ki, Ukraynada ildırımsürətli müharibədə uğursuzluğa düçar olduğu üçün Kreml strategiyasını dəyişib və hazırda NATO-nun zəifləməsi və dağılmasına ümid edir”.

Poliqon xəbər verir ki, bunu Britaniyanın The Telegraph nəşri Avropadakı geosiyasi vəziyyəti təhlil edərək yazır.

Nəşrin müəllifinin sözlərinə görə, Vladimir Putin NATO-nu parçalamağı və Alyansın zəif tərəflərini aşkar etməyi qarşısına məqsəd qoyub. The Telegraph-ın NATO-nun ən zəif cinahı adlandırdığı Balkanlar ehtimal ki, Moskvanın sabitliyi pozan səyləri üçün yeni tətbiq nöqtəsi olacaq.

Ötən həftə bir qrup silahlı serb Kosovo polisinin patrulunu pusquya salıb və bu, qısa döyüşlə nəticələnib, bir polis və üç serb həlak olub. Bu eskalasiya Kosovonun Serbiyadan müstəqilliyini elan etdiyi 2008-ci ildən bəri ən ciddi hadisələrdən biridir.

“Bu eskalasiya Moskvanın arzusudur. Serbiya və Rusiya aylardır serbləri Kosovoda eskalasiyaya hazırlayır, Qərbin diqqətini Ukraynadakı müharibədən yayındırmaq üçün Balkanlarda gərginliyi artırır. Onlar informasiya məkanını Kosovonun Serbiyaya aid olması kimi köhnə iddiaları təkrarlayan təbliğatla doldurublar”, deyə nəşr qeyd edir.

İndi Rusiya bu hadisədən öz xarici siyasət ritorikasında fəal şəkildə istifadə edir, Qərbi Balkanlarda münaqişəni qızışdırmağa çalışır. Bölgəyə qoşun yeritmədən hibrid üsullarla hərəkət etməklə Putin üç məqsədə nail olmaq istəyir: Qərbi Ukraynadan yayındırmaq, Moskvanın regionda mövqeyini gücləndirmək və Qərb dövlətləri üzərində münaqişə rıçaqlarını ələ keçirmək, onları bölgədə münaqişənin gərginləşməsi təhlükəsi ilə şantaj etmək.

“Daha bir Kosovo böhranı asanlıqla NATO üzvü olan Şimali Makedoniyaya keçə bilər və ABŞ-ın qarşıdan gələn seçkilərə diqqət kəsildiyi bir vaxtda Avropanın müdafiəsinə ciddi təsir göstərə bilər. NATO-nun ümumi hərbi üstünlüyünə baxmayaraq, Alyans Balkanlarda zəif mövqeyə malikdir və Rusiya bu bölgədə onu məğlub edə bilər. Demək artıq NATO-nun bölgədəki varlığını gücləndirməsi və Rusiyanı müdafiəyə keçirməyin vaxtı çatıb”, deyə nəşr yazır.

Poliqon.info