Gürcüstanın baş naziri Rusiyanın işğalından danışdı

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, “Rusiya tərəfindən işğal olunmuş rayonların azad edilməsi və ölkənin birləşməsi dövlətin və cəmiyyətin əsas problemi olaraq qalır...

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəsindən birtərəfli qaydada "müstəqilliklərini" elan edən Abxaziya və Cənubi Osetiya ilə bağlı danışıb.

Poliqon xəbər verir ki, baş nazir əsas problemlərinin Rusiyanın işğal etdiyi ərazilərin azad edilməməsi olduğunu bildirib.

Abxaziya müharibəsinin 30 il əvvəl, 1993-cü il sentyabrın 27-də başa çatdığını xatırladan Qaribaşvili qeyd edib ki, bu müharibə ölkənin yeni tarixinə ən dramatik hadisə kimi düşüb. Abxaziya müharibəsinin ölkədə ağır izlər qoyduğunu vurğulayan siyasətçi "Etnik təmizləmə yüz minlərlə insanı öz torpaqlarında didərgin saldı və bir çox vətəndaşımızın həyatı bahasına başa gəldi. Bu, çox üzücüdür. Rusiya tərəfindən işğal olunmuş bölgələrin azad edilməsi və ölkəmizin birləşdirilməsi dövlətimizin və cəmiyyətimizin əsas problemi olmaqda davam edir", deyib.

Qaribaşvili Gürcüstanın ərazi bütövlüyü məsələsinin sülh yolu ilə həllinə sadiq olduğunu bildirib:

“Hökumətimiz bu yolda qətiyyətlə irəliləyir, çünki biz abxaz və osetin qardaşlarımızla vahid, güclü və inkişaf etmiş bir ölkə qurmağımızın əsasını sülhün təmin edəcəyinə ürəkdən inanırıq. İnanıram ki, gələcək abxazlara və gürcülərə birlik, sülh və firavanlıq gətirəcək".

Qeyd edək ki, Gürcüstan ordusu ilə Rusiyanın dəstəklədiyi abxaz separatçıları arasında 1992-1993-cü illərdə 13 ay müharibə olub. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya müharibəsi kimi tanınan münaqişələr başlayıb və müharibədən sonra Rusiyanın dəstəklədiyi Abxaziya və Cənubi Osetiya bölgələri Gürcüstandan birtərəfli müstəqilliklərini elan ediblər.

Rusiya bu iki regionun qondarma müstəqilliyini 2008-ci ildə tanıyıb və Gürcüstan buna cavab olaraq Rusiya ilə diplomatik münasibətləri kəsib.

Poliqon.info