Fransanın Nigerdəki səfiri səhər tezdən Niameydən ayrılıb

Fransanın Nigerdəki səfiri Silven İtte çərşənbə günü səhər tezdən Niameydən ayrılıb...

Poliqon xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən “Al Hadath” telekanalı məlumat yayıb. Mənbələrin sözlərinə görə, İtte bir neçə saat ərzində Parisə gələcək. Kanal başqa təfərrüat verməyib, Fransa rəsmiləri bu məlumatı hələlik rəsmən təsdiqləməyib.

Çərşənbə axşamı Nigerin üsyançı gücünün mərkəzi orqanı olan və çevrilişdən sonra yaradılmış Vətəni Xilasetmə Milli Şurasının (NCSR) nümayəndəsi polkovnik Amadou Abdraman bildirib ki, yeni hakimiyyət Fransa silahlı qüvvələrinin ölkədən geri çəkilməsi ilə bağlı heç bir rəsmi bildiriş almayıb.

Qeyd edək ki, sentyabrın 24-də Fransa prezidenti Emmanuel Makron ölkəsinin Nigerdə hakimiyyəti ələ keçirən üsyançılarla hərbi əməkdaşlıqdan imtina etdiyini və ilin sonuna qədər bu Afrika ölkəsindən Fransa ordusunu çıxarmaq niyyətində olduğunu açıqlayıb.

Xatırlaadq ki, iyulun 26-da Nigerdə prezident qvardiyasının bir qrup hərbi qulluqçusu qiyam qaldıraraq prezident Məhəmməd Bazumun vəzifəsindən uzaqlaşdırıldığını elan edib. Ölkəni idarə etmək üçün qvardiya komandiri Abduraxman Tchianinin rəhbərlik etdiyi Vətəni Xilasetmə Milli Şurası yaradılıb. Yeni hakimiyyət Fransa ordusunun yerləşdirilməsi ilə bağlı Fransa ilə hərbi razılaşmaları pisləyib və kontingentin çıxarılmasını tələb edib.

Poliqon.info