Kevin Makkarti Ukrayna üçün büdcəyə 6 milyard dolların salınmasını istəmir

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, respublikaçı Kevin Makkarti Ukraynaya 6 milyard dollar yardımın ölkənin federal büdcə layihəsinə salınmasının tərəfdarı deyil...

Poliqon xəbər verir ki, Makakrti hesab edir ki, ABŞ hakimiyyəti Ukraynanı amerikalılardan üstün tutur. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə görə, sərhəddəki problemlər və ölkə daxilində fövqəladə hallarla məşğul olmaq daha vacibdir.

“Əgər onlar cənub sərhədinə deyil, Ukraynaya diqqət yetirmək istəyirlərsə, düşünürəm ki, prioritetləri tərs qaydadadır”, deyə Makkarti mətbuat konfransında bildirib.

Kiyevə yardım üçün vəsaitin büdcə layihəsinə daxil edilməsini səhv addım hesab edib-etməməsi ilə bağlı suala Respublikaçı spiker müsbət cavab verib: “Bəli, yanlışdır”, deyə o, vurğulayıb.

Xatırladaq ki, Konqres sentyabrın 30-dək gələn ilin büdcəsini yekunlaşdırmalıdır və ya ən azı hökuməti maliyyələşdirmək üçün müvəqqəti qətnamə qəbul etməlidir. Senat Ukraynaya yardım üçün ayrılan vəsaitin Ağ Evin tələb etdiyi 24 milyard dollar əvəzinə 6 milyard dollara endirilməsini təklif edib. ABŞ-da təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün daha 6 milyard dollar ayrılması təklif edilir. Sənəddə respublikaçıların təkid etdiyi qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün sərhəd nəzarətinin gücləndirilməsi tədbirləri nəzərdə tutulmayıb.

Poliqon.info