Senat Ukraynaya yardım üçün 24 milyard deyil, 6 milyard dollar ayırmağı təklif edib

ABŞ Senatı Ukraynaya yardım üçün ayrılan vəsaitin həcmini Ağ Evin tələb etdiyi 24 milyard dollar əvəzinə 6 milyard dollara endirməyi təklif edib...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti büdcə qanun layihəsinə istinadən yazır.

ABŞ hökumətinin maliyyələşdirilməsinin noyabrın 17-dək uzadılacağı gözlənilir. NYT-nin məlumatına görə, ölkədə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün daha 6 milyard dollar ayrılması təklif edilir. Ağ Ev bu məqsədlər üçün 16 milyard dollar istəyib.

Konqres sentyabrın 30-dək gələn ilin büdcəsinin təsdiqini yekunlaşdırmalıdır və ya ən azı hökuməti maliyyələşdirmək üçün müvəqqəti qətnamə qəbul etməlidir. Sənədlər vaxtında qəbul olunmasa, hökumətin işi dayandırılacaq.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi sentyabrın 26-da bildirib ki, Ukraynaya daha bir neçə həftə hərbi təchizat üçün kifayət qədər vəsait olacaq. Onun sözlərinə görə, əlavə maliyyənin olmaması Ukraynanı payız və qışda dəstəkləmək imkanlarına təsir edəcək.

Poliqon.info