Ermənistan parlamenti Roma Statutunun ratifikasiyası məsələsinə baxacaq

Sentyabrın 28-də Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Statutunun ratifikasiyası məsələsinə baxacaq...

Poliqon xəbər verir ki, bu barədə qanunverici orqanın saytında bildirilir.

Müvafiq qanun layihəsini Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan təqdim edəcək.

Sentyabrda baş nazir Nikol Paşinyan xalqa videomüraciətində bəyan etmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası xüsusilə Ermənistanın təhlükəsizliyini təmin edəcək.

"2022-ci ilin dekabrında hamımıza aydın oldu ki, KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlıq alətləri Ermənistanın xarici təhlükəsizliyini təmin etmək üçün kifayət deyil", deyə Paşinyan BCC-yə bildirib.

2022-ci ilin sonunda Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb. Bundan əvvəl sənədin ratifikasiya olunacağı təqdirdə Rusiya rəhbərliyinin Ermənistana daxil olarkən həbs ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, Ermənistan BCM-ə qoşulma prosesinə təxminən 20 il bundan əvvəl başlayıb, lakin 2004-cü ilin avqustunda Konstitusiya Məhkəməsi Roma Statutunun o vaxt qüvvədə olan Konstitusiyaya zidd olduğunu elan edib. 44 günlük müharibədən sonra Ermənistan 2022-ci ilin sonunda yenidən Roma Statutunun ratifikasiyası prosesini bərpa edib.

Onu da qeyd edək ki, Roma Statutu Beynəlxalq Cinayət Məhkəməsinin təsis olunması haqqında əsasnamədir və 1999-cu ildə yaradılıb. Bu məhkəmə insanlıq və bəşəriyyətə qarşı törədilən cinayətlər əleyhinə tribunal rolunu oynayır. Nürnberq tribunalının daimi fəaliyyət göstərən bir forması kimi nəzərdən keçirilir. Onun əsasnaməsı Roma şəhərində imzalandığından Roma Statutu adlanır. Əksər ölkələr bu sənədi imzalayaraq, təsdiq edib. Hüquqi cəhətdən, Roma Statusunu təsdiq edən dövlətlər əsasnaməyə uyğun olaraq insanlıq əleyhinə cinayət törətmiş şəxslərin həbs orderini yerinə yetirməlidirlər.

Poliqon.info