Aİ Çini münasibətləri yenidən balanslaşdırmağa çağırıb

Avropa İttifaqı Çini münasibətləri yenidən balanslaşdırmağa, bazara çıxışı və ədalətli rəqabəti genişləndirməyə çağırıb...

Poliqon “İnterfaks” Agentliyinə əsasən xəbər verir ki, bu barədə Avropa Komissiyasının ticarət üzrə icraçı sədr müavini Valdis Dombrovskis bəyanat verib.

“Biz bazara çıxışla bağlı bəzi məsələlərdə irəliləyiş əldə etmişik, ixrac nəzarəti ilə bağlı məlumat mübadiləsi, maliyyə xidmətləri üzrə yeni işçi qrupu yaratmaq və makroiqtisadi dialoqlarımızı bərpa etmək barədə razılığa gəldik”, deyə Avropa Komissiyasının ticarət üzrə icraçı sədr müavini bildirib.

Qeyd edək ki, sentyabrın 25-də Çində Avropa İttifaqı-Çin Yüksək Səviyyəli İqtisadiyyat və Ticarət Dialoqunun (HED) 10-cu iclası keçirilib. Dombrovskis Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini He Lifenlə birlikdə iclasa həmsədrlik edib.

Xatırladaq ki, HED Aİ və Çin üçün iqtisadi və maliyyə məsələləri, eləcə də ticarət və investisiya əməkdaşlığını müzakirə etmək üçün əsas platformadır.

Dombrovskisin sözlərinə görə, bu cür çağırışlar əhəmiyyətli addımlardır, çünki Çində əhəmiyyətli iştiraka malik Avropa şirkətləri hazırda artan çətinliklərlə üzləşirlər.

Aİ nümayəndəsi əlavə edib ki, Avropa İttifaqı bu məsələlərdə Çinlə əlaqəni davam etdirmək niyyətindədir.

Avropa Komissiyasının kommünikesində bildirilir ki, tərəflər Aİ, Çin və bütün dünyada makroiqtisadi vəziyyəti müzakirə ediblər.

Poliqon.info