Le Pen: Fransa alçaldıcı şərtlər altında qoşunlarını Nigerdən çıxarır

“Milli Birlik” partiyasının sədi Marin Le Pen deyib ki, Fransa alçaldıcı şərtlər altında Nigerdən qoşunlarını və diplomatlarını çıxarır...

Fransanın Afrikadakı xarici siyasətindəki səhvlər, Parisin alçaldıcı şərtlər altında diplomatlarını geri çağırmaq və Nigerdən qoşunlarını çıxarmaq məcburiyyətində qaldığı bir dalana səbəb olub.

Poliqon xəbər verir ki, bu fikri “France Inter” radiosunun efirində “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen deyib.

Le Pen Fransa prezidenti Emmanuel Makronun səfirin geri çağırılması və qoşunların Nigerdən çıxarılması ilə bağlı bəyanatını şərh deyib:

“Əslində Makronun başqa seçimi yox idi və bu kədərlidir. Çünki bu yolla biz Afrikadan atılmış kimi görünürük. Amma başqa çarəmiz yox idi. Biz səfirimizi geri çağırırıq və alçaldıcı şəraitdə ordunu geri çəkirik. Bütün bunlar Fransa diplomatiyasının ciddi uğursuzluğudur”.

Siyasətçinin sözlərinə görə, Fransa lideri üsyançıların gücünün əslində göründüyündən daha kövrək olacağına, həmçinin Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) ölkədə konstitusiya quruluşunu bərpa etmək üçün hərbi müdaxilə edəcəyinə ümid edirdi.

Qeyd edək ki, sentyabrın 24-də prezident Makron Fransa qoşunlarının ilin sonuna qədər Nigerdən çıxarılacağını elan edib. O, Parisin bu ölkədən səfirini geri çağırdığını da bildirib.

Nigerdə Fransanın hərbi qulluqçularının sayı 1,5 min nəfər olaraq qiymətləndirilir.

Poliqon.info