Bolqar millətçiləri NATO bazalarına və Ukraynaya etiraz edir, hökuməti istefaya çağırır

Ultra-millətçi İntibah Partiyasının yüzlərlə tərəfdarı cümə axşamı Bolqarıstan və Rusiya dövlət bayraqlarını dalğalandıraraq, Bolqarıstan parlamentinin binası qarşısına toplaşıb...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Onlar Avropa İttifaqının Ukraynaya dəstəyinə qarşı çıxıb, NATO bazalarının açılmasına etiraz edib və ölkədə erkən seçkilərin keçirilməsini tələb ediblər.

Tam təchiz olunmuş xüsusi təyinatlılar hökumət binalarını, o cümlədən Müdafiə Nazirliyini mühafizə altına alıb, bəzi etirazçılar isə onlara yumurta atıb. Millətçilər "Amerika bazaları uzaqda! Bolqarıstan sülh zonasıdır" yazısı olan plakatlar qaldırıblar.

Etirazçılar hökumətin sökməyə qərar verdiyi sovet ordusunun abidəsi önündə yürüşlərini başa vurublar. Onlar abidəyə yaxınlaşmağa mane olmağa çalışan polislə toqquşub.

Qeyd edək ki, Bolqarıstanda NATO bazalarının tikilməsi planlaşdırılır. NATO döyüş qrupuna ev sahibliyi etmək üçün lazım olan infrastrukturun yaradılması üçün 100 milyondan çox Bolqarıstan levinə (təxminən 55 milyon ABŞ dolları) ehtiyac var.

Poliqon.info