Ermənistanda müxalifət blokunun lideri Andranik Tevanyan saxlanılıb

İrəvanda polis etiraz aksiyaları ərəfəsində hökumət binasının təhlükəsizliyini gücləndirməyə hazırlaşır...

Ermənistan polisi sentyabrın 22-də səhər saatlarında paytaxtda keçirilən etiraz aksiyası zamanı İrəvanda “Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyanı saxlayıb.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi məlumat yayıb. Qeyd edilir ki, Andranik Tevanyan həmfikirlərini davamlı anti-hökumət etirazlarına keçməyə çağırıb.

Müxalifət blokunun liderinin saxlanması siyasi birliyin yaydığı məlumatda da bildirilir. Məlumatda qeyd olunur ki, Andranik Tevanyan polis şöbəsinə aparılıb.

“Andranik Tevanyan itaətsizlik aksiyası zamanı saxlanılıb və Erebuni rayon polis şöbəsinə aparılıb”, deyə blokun sosial şəbəkələrdəki səhifəsində dərc olunan mesajda deyilir.

Rusiya agentliyinin məlumatına görə, İrəvanda polis bu gün müntəzəm etirazların gözlənilən Respublika meydanında hökumət binasının təhlükəsizliyini gücləndirməyə hazırlaşır. Müxalifət mitinqi yerli vaxtla saat 10:00-a planlaşdırmışdı.

“Ana Ermənistan” siyasi blokunun rəhbəri Andranik Tevanyan davamlı olaraq tərəfdarlarını hökumət əleyhinə etiraz aksiyalarına davam etməyə çağırıb. Qeyd edək ki, çərşənbə axşamı Ermənistan sakinləri Qarabağdakı vəziyyət fonunda hökumət binası yaxınlığında etiraz aksiyasına toplaşıblar. Aksiya iştirakçıları Nazirlər Kabinetindən rayon ətrafında yaranmış vəziyyətlə bağlı konkret addımlar atmağı tələb ediblər. Etirazçılar əraziyə basqın etməyə cəhd etsə də, polis buna imkan verməyib. Ertəsi gün İrəvanda hökumət binası yaxınlığında hüquq-mühafizə orqanları ilə toqquşma zamanı etirazçılar saxlanılıb. Mitinqlər cümə axşamı da davam edib.

Poliqon.info