Azərbaycan İtaliyadan silah almaq istəyir - 2 milyardlıq müqavilə

Azərbaycan bir müddətdir ki, İtaliya ilə irimiqyaslı silahların alınması ilə bağlı danışıqlar aparır...

Poliqon xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazır.

Məqalədə deyilir ki, Bakının istək siyahısına təlim təyyarələri, hücum tüfəngləri, özüyeriyən zenit silahları, zenit-raket komplekslərinin batareyaları, nəqliyyat təyyarələri və sualtı qayıqları daxildir. Onların ümumi dəyəri 1-2 milyard avro qiymətləndirilir.

Nəşr qeyd edir ki, Azərbaycan və İtaliya müdafiə nazirlikləri arasında danışıqlar aparılır. Bildirilir ki, Qarabağdakı hadisələr İtaliya hökuməti üçün problem yaradıb. Çünki ölkədə bütün müqavilələr müharibə vəziyyətində olan bir ölkəyə silah satışını qadağan edən qanuna görə bloklanır. "La Repubblica" qeyd edir ki, buna görə də Bakı Türkiyə və İsraildə alternativ istehsalçılar axtarmağa başlayıb.

Məqalədə bu vəziyyətin Azərbaycan qazının ölkəyə nəqlinə mənfi təsir göstərə biləcəyi də bildirilir.

Poliqon.info