Ukrayna zirehli texnikası “Surovikin xətti”ni keçib

Ukraynanın ağır texnikası ilk dəfə olaraq Zaporojye vilayətinin Verbovoye kəndi yaxınlığında ilk “Surovikin xətti” adlanan Rusiya istehkamlarını aşıb...

Poliqon xəbər verir ki, bu barədə OSINT analitikləri məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiyanın Ukraynanın ağır texnikasına hücumlarını əks etdirən dərc olunmuş videodan belə nəticə çıxarılıb.

“Twitter hesabında geolokasiya edilmiş videodan belə görünür ki, ağır texnika ilk dəfə bu istiqamətdə avtomobil əleyhinə xəndəyi və “əjdaha dişlərini” aşıb”, deyə Amerika Müharibə Araşdırmaları İnstitutunun analitiki Corc Barros yazır. Hərbi analitik Rob Li isə qeyd edib ki, “Stryker” zirehli texnikası, “Marder” piyada döyüş maşınları və “MaxxPro” zirehli transportyorları müdafiə xəttini keçib.

Barros qeyd edib ki, videodakı Ukrayna texnikası çox güman ki, xəndəyin tikintisi və “əjdaha dişləri” xəttinin çəkilməsi zamanı qorunub saxlanılan kənd yolu ilə hərəkət edir. Ekspert əlavə edir ki, bu, yəqin ki, Ukrayna Silahlı Qüvvələrinin bu sahədə Rusiyanın müdafiəsini məğlub edə biləcəyini göstərir.

Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” teleqram kanalı Ukrayna komandanlığı səylərini Verbovoy bölgəsində müdafiəni yarmağa cəmlədiyini yazır..

“DeepState” layihəsinin xəritəsi Verbovoy sahəsində dəyişiklikləri sənədləşdirməyib. Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında da bu barədə heç bir qeyd yoxdur.

Qeyd edək ki, Ukrayna qoşunları avqustun sonunda Verbovoy bölgəsində ilk müdafiə xəttini aşıb. Sentyabrın əvvəlində Ukrayna Silahlı Qüvvələri Rusiya müdafiəsində boşluğu genişləndirə bilib. Eyni zamanda, ISW analitikləri daha sonra vurğulayıblar ki, “Surovikin xətti” nin keçilməsihaqqında hələ danışa bilməzlər, çünki bu bölgədə Ukraynanın ağır texnikası hələ görünməyib.

Poliqon.info