BRİKS ölkələri BMT-də islahatlar aparılmasına tərəfdar olublar

BRİKS ölkələrinin xarici işlər nazirləri BMT-də, o cümlədən Təhlükəsizlik Şurasında islahatların aparılmasının lehinə çıxış ediblər...

Poliqon xəbər verir ki, bu barədə BRİKS ölkələrinin xarici əlaqələr idarələrinin rəhbərləri BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilən iclasın yekunlarına dair bəyanatda bildiriblər. Bəyanatda qeyd edilir ki, üzv ölkələr BMT-də, o cümlədən Təhlükəsizlik Şurasında islahatların aparılmasını dəstəkləyirlər.

“Nazirlər BMT-nin, o cümlədən onun Təhlükəsizlik Şurasının daha demokratik, təmsilçi, effektiv və səmərəli olması və inkişaf etməkdə olan ölkələrin Şura üzvlüyünün bütün kateqoriyalarında təmsilçiliyinin artırılması üçün onun hərtərəfli islahatını dəstəkləyirlər. BMT hazırkı qlobal vəziyyətə müvafiq reaksiya verə bilməlidir”, deyə bəyanatda bildirilir.

Xarici işlər nazirləri həmçinin Braziliya, Hindistan və Cənubi Afrika da daxil olmaqla Afrika, Asiya və Latın Amerikasındakı inkişaf etməkdə olan ölkələrin beynəlxalq məsələlərdə, xüsusən BMT-də, o cümlədən onun Təhlükəsizlik Şurasında daha böyük rol oynamaq istəklərini vurğulayıblar.

Poliqon.info