Baş katib: BMT Təhlükəsizlik Şurası və “Bretton Woods” sistemi kimi bir çox beynəlxalq qurumlar köhnəlib

BMT-nin Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurası da daxil olmaqla çoxtərəfli institutları, eləcə də beynəlxalq maliyyə sistemini islahat etməyə çağırıb...

Poliqon xəbər verir ki, BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi debatlarının açılışında çıxış edən Antonio Quterreş BMT Təhlükəsizlik Şurası və “Bretton Woods” sistemi kimi bir çox beynəlxalq qurumların köhnəldiyini və müstəmləkə dünyasının reallıqlarını əks etdirdiyini vurğulayıb. Baş katib qeyd edibki, əks halda dünya ictimaiyyətinin “qırılma” ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

“Dünya dəyişib. Bizim institutlarımız isə dəyişməyib”, deyə BMT-nin Baş katibi deyib.

Quterreşin sözlərinə görə, çoxtərəfli institutlarda islahatlar aparılmasa, beynəlxalq birlik dağılma ilə üzləşəcək. Qlobal problemləri effektiv həll edə bilməyəcək və dünya səhnəsində, Qərblə Şərq, Cənubla Şimal arasında fikir ayrılıqları daha da dərinləşəcək.

“XXI əsrin iqtisadi və siyasi reallıqlarına əsaslanan, bərabərlik, həmrəylik və universallıq prinsiplərinə əsaslanan, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə əsaslanan çoxtərəfli institutları yeniləməyin vaxtı çatıb”, deyə Quterreş bildirib.

BMT rəhbəri qeyd edib ki, “Soyuq Müharibə” dövründə beynəlxalq münasibətlərə əsasən iki fövqəldövlət prizmasından baxılırdı.

“Sonra, qısa bir qütblülük dövrü gəldi və indi biz sürətlə çoxqütblü dünyaya doğru irəliləyirik”, deyə Baş katib qeyd edib.

“Bu, bir çox cəhətdən müsbətdir. Bu, beynəlxalq münasibətlərdə ədalət və tarazlıq üçün yeni imkanlar açır. Lakin çoxqütblülük özü sülhə zəmanət verə bilməz. Çoxqütblü dünyanın güclü və effektiv çoxtərəfli institutlara ehtiyacı”, deyə Baş katib əlavə edib.

Quterreş beynəlxalq ictimaiyyətə gələcək üçün ən təcili təhlükə ilə mübarizə aparmağın vacibliyini xatırladıb. Baş katibə görə bu təhlükə qlobal istiləşmədir.

“İqlim dəyişikliyi sadəcə havanın dəyişməsi deyil. İqlim dəyişikliyi planetimizdəki həyatı dəyişir. Bu, bizim işimizin hər aspektinə təsir edir. O, insanları öldürür və icmaları məhv edir”, deyə Baş katib bildirib.

Quterreş xatırladıb ki, bəşəriyyət tarixin ən isti aylarını və ən isti yayı indicə yaşayıb. Bu, BMT rəhbərinin fikrincə, yalnız başlanğıcdır.

“Temperatur artımını “Paris İqlim Sazişi”ndə göstərilən 1,5 dərəcə həddə saxlamaq üçün hələ vaxt var. Amma indi bunun üçün qətiyyətli addımlar atılmalıdır”, deyə Quterreş bildirib.

BMT Baş katibi istixana qazı emissiyalarını azaltmaq və iqlim böhranına ən az səbəb olan, lakin onun nəticələrindən ən çox əziyyət çəkən ən az inkişaf etmiş ölkələr üçün iqlim ədalətini təmin etmək çağırışını da təzələyib.

Poliqon.info